“Sosial şəbəkələr bəzi yeniyetmələrdə hövsələsizlik yaradır” - PSİXOLOQ DANIŞDI

24 İyul 2024 14:25 (UTC+04:00)

“Bu aqressiyanın yaranmasının əsas səbəbi sosial şəbəkələr, telefon oyunlarıdır. Yeniyetmələrin hər birinin özünəməxsus dünyaları var. Yeniyetmə psixologiyası tamam fərqli bir psixologiyadır. Onlar elə bir yaş dövründə olurlar ki, nə böyük, nə də uşaq yaşında olurlar”. Bu sözləri SİA-ya danışan psixoloq Nabat Mirzəyeva deyib.

Onun sözlərinə görə, yeniyetmələrin aqressiyalı olmasına səbəblər çoxdur: “Əsas səbəb isə oynadıqları oyunlardır. Telefon daxilindəki oyunlar, o şüuraltı məlumatlar yeniyetmələri şiddətə yönləndirir. Oyunlarda uduzmaq, oyunlardakı o məlumatlar uşaqlarda gərginliyi yaradır. Bu oyunların ötürdüyü şüuraltı təsirlər, məlumatlar yeniyetmələrdə aqressiyanın, qəzəbin, nifrətin və şiddətin yaranmasına səbəb olan bir yoldur”.

Psixoloq qeyd edib ki, aqressiyanın yaranma səbəblərinə sosial şəbəkələr də daxildir: “Gələcəyə doğru tez böyümək, tez yetkinlik yaşına çatmaq, daha rahat telefona baxmaq, telefondakı sosial şəbəkələrdən azad istifadə etmək bəzi yeniyetmələrin bu dövrdə istəklərindən biridir. Sosial şəbəkələr bəzi yeniyetmələrdə hövsələsizlik yaradır. Belə sosial şəbəkələrdə-TikTok, İnstagram və b. -da olan reelslər və videolar yeniyetmələrə təsir göstərir. Bu sosial şəbəkələrdəki qısa zamanlı videolar yeniyetmələrdə maraq yaradır. Yeniyetməlik dövrünü keçmiş böyüklər, yetkin insanlar bu reelslərin , videoların təsirində qalmır. Ancaq yeniyetmələr hormonların dalğalanan və balanslanacağı bir dövrdə olduqları üçün bu videolar onlara təsir edir, bu vəziyyət onlarda hövsələsizlik yaradır. Onlar sanki işlərində, həyatlarında hər şeyin həmin o bir dəqiqəlik, az zamanlı videolar kimi tez olub bitməsini istəyirlər. Həyatı da bəzən bu çərçivədə görürlər".