“Bəzi ixtisaslarda balların artacağının şahidi olacağıq” - EKSPERT FİKİR BİLDİRDİ

24 İyul 2024 10:22 (UTC+04:00)

“Düzdür, buraxılış və qəbul imtahanları artıq başa çatıb, amma ümumi statistika hələ məlum deyil. Çünki biz I və IV ixtisas qruplarının ikinci şans üzrə nəticələrinin neçə olduğunu bilmirik. Cavablar hələ məlum deyil, güman edirik ki, bu ayın sonları çıxma ehtimalı var”. Bu sözləri SİA-ya danışan təhsil eksperti Rizvan Fikrətoğlu deyib.

R.Fikrətoğlu ümumi mənzərə haqqında fikir bildirib: “Belə ki, III və V ixtisas qruplarında rəqabətin güclü olacağı gözlənilir. Çünki məlum məsələdir ki, buraxılış imtahanının nəticələri yüksək idi. Adətən idman, incəsənət yönümlü ixtisaslarda balların qalxması gözlənilir. Bundan əlavə III-qrupda Hüquq, Beynəlxalq Münasibətlər, Dövlət və İctimai Münasibətlər, IV-qrupda Tibb, Stomatologiya, I-qrupda isə İnformatika yönümlü ixtisaslarda balların artacağının şahidi olacağıq. Düzdür, plan yerində artım, Qarabağ Unversiteti, Türkiyə-Azərbaycan Universitetinin yaranması var, amma digər tərəfdən nəzərə alaq ki, Naxçıvanda yerləşən "Naxçıvan" Universitetinin bağlanması da plan yerinin azalmasına səbəb olur".

Ekspertin sözlərinə görə, artımı yüksək ballar arasında görəcəyik: "Yəni biz ümumi mənzərədə çox da dəyişikliyi görməyəcəyik. Bəzən təşviş yaradırlar ki, ballar 50-100 olaraq qalxacaq. Dediyim kimi, bu haqda konkret hökm yürütmək düzgün deyil. Çünki ümumi statistika bizə hələ də məlum deyil".