UNEC məzunu: “4 ildə 2 diplom böyük zəhmətin sonu və uğura aparan yolun başlanğıcı oldu”

23 İyul 2024 17:32 (UTC+04:00)

UNEC-in Rus İqtisad Məktəbinin 2024-cü il məzunu Fidan Nəhmədova universitetin tələbələr üçün yaratdığı imkanlar, eləcə də universitetdə təhsil aldığı müddətdə əldə etdiyi uğurlar barədə fikirlərini bölüşüb. Fidan xanımla müsahibəni təqdim edirik:

“2020-ci ildə universitetlərə müraciət edərkən, bütün dünyada COVID-19 pandemiyası hökm sürürdü. Bu qeyri-müəyyənliklərə baxmayaraq, mən UNEC-də təhsil almağı arzulayırdım və ixtisas olaraq ya maliyyə, ya da mühasibatlıq üzrə təhsil almağı planlaşdırırdım. Nəticədə, UNEC-in “Mühasibatlıq” ixtisasına qəbul oldum.

Birinci kursda oxuyarkən, Universitet Daxili İkili Diplom (UDİD) proqramı ilə tanış oldum. Həmin proqrama qoşularaq, “Maliyyə” ixtisasının da diplomunu əldə etmək şansımın olması məni çox sevindirdi. Beləliklə, 2-ci kursdan etibarən “Mühasibat” ixtisası ilə yanaşı, “Maliyyə” ixtisası üzrə də təhsil almağa başladım. Hər iki ixtisasın fənlərini oxumaq çətin olsa da, iqtisadiyyat və ekonometrika sahələrində oxşar mövzularda məlumat əldə etmək maraqlı idi və mənə iki sahə üzrə dərin biliklər qazandırdı. Məzun olduqda isə 4 il ərzində iki ixtisas üzrə 2 diplom əldə etməyim böyük zəhmətin sonu, eyni zamanda uğura aparan yolun başlanğıcı oldu.

İkili diplom almağın əla fürsət olduğuna əminəm, çünki bu təhsil sayəsində Almaniyada magistr təhsili üçün müraciət etdiyim bütün universitetlərdən qəbul aldım. Xüsusilə qürurla qeyd etmək istəyirəm ki, oktyabr ayından Frankfurt Goethe Universitetində magistr təhsilimi başlayacam. Bu, mənim 5 illik hədəfim idi və nəhayət, bu hədəfə çatdığım üçün çox sevincliyəm.

Bundan əlavə olaraq, UNEC-in Bloomberg maliyyə laboratoriyasının da iki sertifikatını əldə etdim. Bu sertifikatlar mənim üçün böyük əhəmiyyət kəsb edir və karyera yolumda əhəmiyyətli bir addım oldu. UNEC-də əldə etdiyim biliklər və təcrübələr sayəsində hazırda PASHA Capital-da Brokerage departamentində təcrübəçiyəm.

UNEC-də təhsil almaq mənim üçün çox böyük bir təcrübə oldu və burada qazandığım biliklər və dostluqlar həyatımda əvəzolunmaz bir yer tutur.

UNEC mənə çox şey verdi - geniş biliklər, təcrübələr və dəyərli dostluqlar. Tədris müddətində əla dostlar qazandım və birgə layihələrdə, tədbirlərdə, müzakirələrdə iştirak edərək möhkəm dostluq əlaqələri qurdum. Bu dostluqlar universitet həyatımı daha da maraqlı və rəngarəng etdi”.