Okampo və ermənilərin COP29 hazırlığı - RAKURS

23 İyul 2024 16:56 (UTC+04:00)

Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru erməniləri COP29-a qarşı media kampaniyasına başlamağa çağırıb

Yazının girişində “əsərin qəhrəmanı” Luis Moreni Okampo barədə kiçik bir haşiyə çıxmaq istərdim. Yəni Okampo kimdir, Beynəlxalq Cinayət Məhkəməsinin birinci prokuroru təyin edilməzdən əvvəl karyerasında hansı döngələr olub. Niyə biz buradan başladıq, sualına da aydınlıq gətirmətə çalışacağıq. Həm də tam aydın olacaq ki, işğalçı Ermənistan ötən 25 il ərzində işğal etdiyi Azərbaycan torpaqlarını niyə tərk etmədi, çağırışlara, danışıqlara niyə adekvat cavab vermədi? Əvəzinə, erməni lobbisinin ələ aldığı dünyaca tanınmış, amma beynəlxalq qurumların çətiri altında gizlənən, canavar xislətli, pul, var-dövlət müqabilində anasını satmağa hazır olanlarla işbirliyinə bu gün də gedirlər. Onların adından, nüfuzundan, titullarından istifadə etməklə yalana doğru donu geyindirməyə çalışan ermənilər Azərbaycan torpaqlarını 30 il işğalda saxladıqlarını da unutdurmağa çalışırlar…

Argentina vətəndaşı olan Luis Moreno Okampo 2003-cü ilin aprelində Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) ilk prokuroru seçilib və 16 iyun 2003-cü ildə vəzifəsinin icrasına başlayıb. Doqquz illik səlahiyyət müddəti başa çatdıqdan sonra o, 5 iyun 2012-ci ildə vəzifəsini tərk edib və onu Qambiyalı vəkil Fatou Bensouda əvəz edib. BCM-dən ayrıldıqdan sonra Okampo fərdi şəkildə fəaliyyət göstərib. 2015-ci ildə onun müştərisi Xəlifə Haftarla əlaqələri olan liviyalı iş adamı Həsən Tatanaki olub. Tatanaki Okampo ilə üç illik 3 milyon dollarlıq konsaltinq müqaviləsi imzalayıb və 750 min dollar ödəyib. Okamponun Tatanaki ilə əməkdaşlığı etik pozuntulara görə tənqidlərə məruz qalıb. Məlum olub ki, BCM-in bəzi rəsmiləri ilə əlaqəyə girən Okampo müştərilərinin rəqibləri barədə məxfi məlumatları qanunsuz əldə edib. Həmin məlumatlardan istifadə etməklə Okampo müştərisini cinayət təqibindən qurtara bilib. Bundan başqa BCM prokuroru vəzifəsində işlədiyi dövrdə Okampo və onun həyat yoldaşının Karib dənizi hövzəsindəki offşor şirkətlərində külli miqdarda vəsait saxladığı məlum oldu. Okampo offşor şirkətlərinin qanunsuz olmadığını və Argentina banklarına etibar etmədiyi üçün orada pul saxladığını bildirsə də onun əməllərində cinayət tərkibli hallar olduğu təsdiqlənib. Amma Okamponun həbsi mümkün olmayıb, hansısa gizli əllər onun məsuliyyətdən son anda qurtara bilib.

İndi isə keçək əsas mətləbə… Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru Luis Moreno Okampo bütün dünyadakı ermənilərindən nə istəyir? Daha doğrusu onları beynəlxalq tədbir ərəfəsində dünya miqyasında nələrin edilməsinin vacibliyini anladır. Dünya ermənilərini “birləşməyə və noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə 29-cu Konfransına (COP29) qarşı media kampaniyasına başlamağa” çağırıb. Okampo xüsusilə media kampaniyası zamanı #COP29 və #StopGreenwashGenocide, #FreeArmenianHostages və ya #FreePoliticalPrisoners həştəqlərındən istifadə etməyi təklif edib. Erməni icma liderləri və vətəndaş cəmiyyəti fəalları bu prinsipləri həyata keçirmək üçün jurnalistlərdən tutmuş iqlim fəallarına qədər dünya ictimaiyyətini səfərbər etməlidir.

Okampo ermənilərə xitabən: “Müasir texnologiya ilə siz öz səsinizi gücləndirə və İqlim Dəyişikliyi və Soyqırım Konvensiyalarına uyğunluğu təmin edə bilərsiniz, mən riyakarlığa qarşı vətəndaş hərəkatı ideyasını dəstəkləyirəm və həqiqətən dinc COP29 tələb edirəm. İlk addımımız qlobal erməni icmasını birləşdirmək və #COP29 və #StopGreenwashGenocide hashtaglarından istifadə edərək media şirkəti yaratmaqdır və siz həmçinin #FreeArmenianHostages və ya #FreePoliticalPrisoners əlavə edə bilərsiniz”.

BCM-nin keçmiş Baş Prokuroru əmin olduğunu bildirib ki, bu həştaqlardan istifadə edən gündəlik sosial media yazıları impuls yaradacaq, digər icmaları, xüsusən də aparıcı medianın diqqətini cəlb edəcək. Bu koordinasiyalı kampaniya COP29-da iştirak edən jurnalistləri, nümayəndələri və QHT-ləri “erməni girovlar və siyasi məhbuslar”la bağlı Azərbaycandan cavab axtarmağa məcbur edəcək: “Məqsəd aydındır: COP29 erməni girovların və siyasi məhbusların azad edilməsi ilə əlamətdar olan həqiqətən sülhü simvollaşdıracaq. Hazır olun, erməni icmaları, həqiqətən dinc COP29 iyulun 23-də başlayacaq. Sizin bu transformativ hərəkata rəhbərlik etmək üçün fədakarlıq, imkan və qətiyyət var. Qlobal icmaları birləşdirərək, siz əmin ola bilərsiniz ki, COP29 təkcə iqlim dəyişikliyi ilə bağlı deyil, həm də insan haqları və ədalət haqqındadır, artıq mübarizəyə rəhbərlik etmək vaxtıdır. Paylaşın, şərh verin və səsinizdən istifadə edin.

“Mən və bir çox başqaları sizin ardınca gedəcəyik” deyən Okampo bütün dünya ermənilərinə müraciət edərək məktubunda xüsusilə ermənilərin tarixinə toxunub: “Siz, 1915-ci il soyqırımının külündən yenidən doğulmusunuz, bu isə dözümlülüyün və sönməz insanlıq ruhunun sübutudur. Bu gün sizin dünya səhnəsində ədalət və həqiqət naminə çıxış etmək üçün unikal imkanınız var. Siz Dağlıq Qarabağda ermənilərə qarşı vəhşiliklər törədən, eyni zamanda ölkəsini qlobal iqlim müzakirələrində lider kimi mövqeləndirən Prezident İlham Əliyevi ifşa edə bilərsiniz. Bu ilin noyabrında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (COP29) bu ciddi ədalətsizliklərə işıq salmaq üçün unikal imkan yaradır”.

Ermənilərə çağırış edən Okampo qeyd edib ki, “bütün dünyaya səpələnmiş halda təkcə öz xalqınızı və torpağınızı deyil, həm də ədalətin daha geniş maraqlarını qorumaq və ətraf mühitin bütövlüyü üçün unikal imkanınız var. Atalarınız sizə əzmkarlığı öyrədib - "mübarizəni dayandırdığımız günü itirəcəyik". Sizin qlobal hərəkata rəhbərlik etmək və dövrümüzün ən aktual problemlərindən ikisini həll etmək üçün digər maraqlı icmaları cəlb etmək imkanınız var: iqlim dəyişikliyi və soyqırım”. BCM-nin keçmiş baş prokuroru qeyd edib ki, “onun üçün iqlim dəyişikliyi ilə soyqırımı təkzibedilməzdir. Hər ikisi beynəlxalq konvensiyalarla tənzimlənir və təəssüf ki, zəif icra olunur”.

Məqalədə Okamponun fikirlərinə ona görə yer verdik və ona görə bəzi məqamları olduğu kimi dərc etdik ki, keçmiş prokuror özünü tam ifşa edə bilsin. Okampo guya hüquqşünasdır, amma həm də beynəlxalq qanunlar üzərində oynayan, manipulyasiya edən yaramazın ta kəndisidir. O Ermənistanla Azərbaycan arasında davam edən 30 illik münaqişənin və iki müharibənin ayrı-ayrı epizodlarını götürərək erməniləri zərərçəkmiş kimi təqdim etməyə çalışır. Ermənilərin Qarabağı tərk etməsindən danışır, amma təfsilata varmaq istəmir. Azərbaycanın tarixi torpaqlarına ermənilərin məskunlaşmasından yazmır, bir az da irəli getsək, ermənilərin Azərbaycan torpaqlarını işğal edərkən burada yaşayan bir milyona yaxın azərbaycanlının necə və hansı dəhşətlərə, vandalizmə, vəhşiliklərə məruz qoyulduğundan bir kəlmə də danışmır. Beynəlxalq Cinayət Məhkəməsində “ədalət axtaran” bir prokurorun ermənilərin Xocalıda, Kərkicahanda, Cəmillidə, Kosalarda, Meşəlidə, Ağdabanda, Kəlbəcərdə törətdiyi soyqırımılarından xəbəri varmı görəsən? Varsa, danışmırsa bu bir günahdır, həm də cinayətdir, yox əgər xəbəri yoxdursa, onda Okamponun ortaya atılması, məsələni hansısa platformaya daşımaq istəyi onun özünü yandıra bilər. Qarabağ məsələsinə ya bütöv şəkildə baxılmalı, baş verən hadisələr barəsində ayrıseçkilik etmədən danışılmalı, yada çəkilib öz “ipinin yanında” durmalısan. Ermənilərin Qarabağdan könüllü şəkildə köçməsi ilə, azərbaycanlıların qovulması arasında fərqi Okampo görmürsə, ya da görmək istəmirsə, onun yadına “ip” məsələsini salmaq lazımdır.

Okampo 2023-cü ildə “Qarabağda baş verənləri “təhlükə nümunəsi” kimi təqdim etməyə çalışır. Hətta bir az da uzağa gedərək, hadisəyə “soyqırımı” donu geydirməyə cəhd edir. Diqqət edin, Okampo Azərbaycan Prezidenti İlham Əliyevin “Ermənistanın işğalçı ordusu ərazilərimizi könüllü tərk etməsələr, biz onları iti qovan kimi qovacağıq” ifadəsini “Etnik ermənilər torpaqlarımızı könüllü tərk etməsələr, biz onları it kimi qovacağıq və bunu edirik” kimi təhrif edib. Bu, əslində Azərbaycanın keçmiş prokuror barədə Beynəlxalq Cinayət Məhkəməsində cinayət işinin açılması üçün yetərlidir. Azərbaycan Prezidentinin söylədikləri çap və elektron, eyni zamanda vizual medianın yaddaşında qalıb. Okampo həmin çıxışa təkrarən baxsa, həqiqəti görə, eşidə və duya bilər.

Gələk, yazının sonuna, Okamponun məqsədi nədir, sualına. Keçmiş prokuror bunu müraciətində gizlətmir: “Dağlıq Qarabağın 23 sakininin Bakı həbsxanalarında qanunsuz saxlanılması Qarabağa qayıtmağa cəhd edə biləcək digər ermənilər üçün ciddi xəbərdarlıqdır. Azərbaycanın COP29-a qədər atəşkəs təklifi erməni girovların olduğu müddətdə mümkün deyil, siyasi məhbuslar ilkin şərt olmadan azad edilməyəcəklər”.

V.VƏLİYEV

Okampo kimdir, onu ermənilərlə nə birləşdirir? Fotolara diqqət!!!

Okampo Ermənistanda...

Ermənistanın prezidenti, xocalılı uşaq və qadınların, ahıl və yaşlıların qatili, soyqırımının təşkilatçısı və icraçısı Sarkisyanla...

Okampo Ermənistan səfirliyində erməni ordeninin təqdimetmə mərasimində...

Erməni katalikosun xeyir-duasını alır...

Separatçılarla onlayn görüşdə...

P.S. Ermənistan və erməni lobbisi ilə bu qədər yaxın olan bir "prokuror" ədalətli ola bilərmi?