Prezidentin Şuşadan dünyaya ünvanladığı mesaj diqqət mərkəzindədir - ŞƏRH EDİLDİ

23 İyul 2024 16:07 (UTC+04:00)

“Mədəniyyət paytaxtımız Şuşada “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində cənab Prezident İlham Əliyevin çıxışı bu gün dünyanın aparıcı mətbuatında, televiziya və xəbər agentliklərində müzakirə olunmaqdadır. Nəzərə alsaq ki, noyabr ayında keçiriləcək COP29-la bağlı bütün diqqət Azərbaycana yönəlib, ölkə rəhbərinin dediyi fikirlər, irəli sürdüyü tezislər həssaslıqla qarşılanır. Şuşada dünyanın 50-yə yaxın ölkəsindən 150-dən çox jurnalistin, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatıldığı Forumda Prezident İlham Əliyev iştirakçıların suallarını cavablandırarkən bütün mövzulara açıq olduğunu bir daha təsdiq edib. Qeyd edilib ki, Azərbaycanda media bütün mənalarda azaddır, ölkə həyatının istənilən sahəsini müzakirə etməyə qadir, həm də dünya mətbuatı ilə ayaqlaşan bir ictimai institutdur”. Bunu açıqlamasında Milli Məclisin deputatı, siyasi analitik Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, Prezident mediamızı böyük Zəfərimizin müjdəçisi adlandırıb: “Ölkə mediası o tarixi günlərdə Azərbaycan həqiqətlərinin dünyaya düzgün çatdırılması missiyasını uğurla həyata keçirib və indi də bu missiyanı uğurla davam etdirir. Prezident İlham Əliyevin Vətən müharibəsi dövründə 30-dan çox beynəlxalq media qurumuna geniş müsahibələri mövcud reallıqların dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. İkinci Şuşa Qlobal Media Forumunu regionda və ölkəmizdə baş verən hadisələri dəqiqliklə beynəlxalq ictimaiyyətə təqdim edə bilib. İlham Əliyevin çıxışında da əsas çağırışlarından biri baş verən hadisələr obyektiv şəkildə işıqlandırılması idi. Diqqəti dünyanın ikili standartlara əsaslanan siyasəti fonunda reallıqlara qərəzli yanaşmalara yönəldən Prezidentimiz qeyd etdi ki, natamam, qeyri-dəqiq və manipulyasiya edilmiş hesabatlar Qərbdən qaynaqlanır”.

Siyasi analitik qeyd edib ki, Forumda Azərbaycanın reallıqları sırasında iqtisadi uğurlara xüsusi diqqət göstərilib: “Enerji sektorunda qazandığımız uğurlar, yeni əməkdaşlıq formatları, Azərbaycan qazının Avropaya nəqlinin iki dəfə artırılması əsas hədəflərimizdəndir. 2021-ci ildə ölkəmiz Avropaya 8 milyard kubmetr qaz nəql edirdi. Bu il təkcə Avropaya 13 milyard kubmetrə yaxın təbii qaz nəql ediləcək. Ümumi həcm isə 25 milyard kubmetr olacaq. 2027-ci ilin sonuna qədər Azərbaycan Avropaya ixracı 16 milyard kubmetrə çatdırmalıdır. Bu resursların Avropaya mövcud nəqliyyat şəbəkəsi - Cənub Qaz Dəhlizi, həm də onun interkonnektorları vasitəsilə çatdırılması planlaşdırılır. Prezidentimiz qeyd etdi ki, atdılan bütün addımların və təşəbbüslərin əsas məqsədi ölkəmizi gücləndirmək, iqtisadi gücümüzü artırmaq, iqtisadi və siyasi müstəqilliyimizi daha da gücləndirməkdir”.