“Autizm xəstəliyi bir spektr pozuntusudur. Spektr pozuntusu o deməkdir ki, bu autizm xəstələri hamısı eyni olmur. Yəni xəstəliyin şiddətinə və formasına görə bir-birindən fərqlənir". Bu sözləri SİA-ya danışan psixiatr Azər Bağırov deyib.
Psixiatr bildirib ki, Autizm Spektr Pozuntusu(ASP) "Neyro İnkişaf Pozuntuları" da adlanır: “Uşağın nevroloji inkişafı, müəyyən yaşlardan başlayır. Bu inkişafda geridəqalma var. Autistik uşaqlarda da bu, fərqli sferalarda olur. Məsələn: intellektin inkişafı, iq'sünün inkişafı, motor(hərəkətetmə bacarığı) inkişafı, sosial inkişafı və s. var.
Autistik uşaqları erkən dönəmlərdən ortaya çıxarmaq mümkün olmağa başlayıb. Bu da bilgilənməklə əlaqəlidir. İlk əlamət odur ki, bu uşaqlar göz kontaktı qurmur və adlarına reaksiya vermirlər. İstədikləri bir şeyləri göstərə bilmirlər. Məsələn: Uşaqlar anaya istədikləri bir şeyi demədən əvvəl göstərir və ya işarət edirlər. Lakin onlarda bu bacarıq olmur”.
Onun sözlərinə görə, digər ilk, valideynləri şüphələndirən faktor, uşağın nitq inkişafının başlamamasıdır: “Uşaqlar ortalama 18-36 aylarda söz deməyə, cümlə qurmağa başlayırlar. Bunun ilk əlamətləri də müəyyən təkrarlayan hecaların-baba kimi bu şəkildə hecalar etməkdir. Artıq 3 yaşında uşağın söz demək bacarığı olmursa, bu zaman valideynlər şüphələnib, həkimə aparırlar. Çox zaman bu ilk uşaqlarda olur. Çünki ananın da bir təcrübəsi olmur və daha öncəki uşağın inkişafını müşahidə etməyib. Buna görə də tez diqqətini çəkmir. Artıq burda autizm problemi olduğu aşkarlanır.
Autistik uşaqlarda digər faktor odur ki, spektrdır. Şiddətinə görə çox fərqli ola bilir. Zəkanın inkişafı autizmdə həmişə eyni səviyyədə olmur. Bəzi Autistiklər də zəka aşağı olur. Bu digər zəka geriliyindən onunla fərqlənir ki, autistik uşaqlarda eyni zamanda sterotipik yəni təkrarlayan hərəkətlər göstərirlər.
Bundan başqa autistik uşaqlarda, dar bir maraq çərçivəsi olur. Müəyyən lazımlı olmayan şeylərlə maraqlanırlar. Fırlanan şeylərə maraq göstərirlər. Məsələn: Digər uşaqlar oyuncaq maşınla oynayan zaman, onlar maşının təkərini fırladaraq saatlarca ona baxa bilərlər.
Digər yaşıdları ilə ünsiyyət qura, oynaya bilmir, tək qalır. Kontakt qurmaqda çətinlik çəkirlər”.