Aİ Şurası Ermənistan Silahlı Qüvvələrinə 10 milyon avro yardım ayırmağa qərar verib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Avropa Sülh Fondu çərçivəsində köçürüləcək yardımın məqsədi guya “Ermənistan Silahlı Qüvvələrinin maddi-texniki potensialının artırılması, böhran və fövqəladə vəziyyətlərdə mülki əhalinin müdafiəsi”dir. Bununla ölkənin gələcəkdə beynəlxalq missiya və əməliyyatlarda, o cümlədən Aİ-nin missiya və əməliyyatlarında iştirak edəcəyi təqdirdə Ermənistan silahlı qüvvələrini tez bir zamanda aktivləşdirməyə imkan yaratmaqdır. Verilən dəstəklə batalyon böyüklüyündə bir bölmə üçün tam hüquqlu çadır şəhərciyi yaradıla bilər.
Planlaşdırılan yardım heç bir şəkildə ölümcül silahların alınması üçün istifadə edilməyəcək və Aİ-nin silahlı qüvvələri olmadığı üçün birgə təlimlər tələb olunmayacaq.
Bundan əlavə, Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin qarşıdakı dövrdə viza rejiminin liberallaşdırılması üzrə Aİ Komissiyası - Ermənistan dialoqunun başlandığını təsdiqləmələri gözlənilir. Dialoq başlayandan sonra Ermənistan hökumətinə viza rejiminin liberallaşdırılması ilə bağlı fəaliyyət planı veriləcək. Vizaları ləğv etmək üçün ilk növbədə immiqrasiya prosesləri və təhlükəsizlik məsələlərində təkmilləşdirmələr aparılmalıdır.
Qeyd edək ki, Ermənistana yardımın verilməsi barədə qərar daha əvvəl Macarıstan tərəfindən bloklanmışdı.