Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

22 İyul 2024 19:25 (UTC+04:00)

İyulun 22-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən bildiriblər ki, əvvəlcə Komissiyanın iyulun 19-da keçirilmiş iclasının protokolu təsdiq edilib.

Sonra 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə “Ana Vətən” Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb və təqdim olunan şəxslərin səlahiyyətli nümayəndələr kimi qeydə alınmasına qərar verilib.

Daha sonra iclasda qarşıdan gələn seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətə baxılıb. Seçki qanunvericiliyi ilə müəyyən olunmuş müddətdə və qaydada iclasa çıxarılan müraciət, maraqlı subyektin də iştirakı ilə Komissiya üzvləri tərəfindən geniş müzakirə edildikdən sonra müvafiq qərar qəbul olunub.

Xarici qurum və media subyektləri nümayəndələrinin iştirak etdikləri iclasda Milli Məclisə seçkilərə hazırlıq istiqamətində müxtəlif məsələlərə dair statistik göstəricilər də diqqətə çatdırılıb, həmçinin Komissiya tərəfindən ardıcıl və sistemli şəkildə reallaşdırılan irimiqyaslı maarifləndirmə proqramı barədə ətraflı məlumat verilib.