Şirvanda 22 İyul – Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib. Toplantıda Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, müavinləri, media nümayəndələri, idarə və müəssisələrin rəhbərləri və ziyalılar iştirak ediblər.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, ilk olaraq “Milli mətbuatımız arxiv yaddaşında” adlı sərgiyə baxış keçirilib. Çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 22 İyul - Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib, şərəfli və məsuliyyətli fəaliyyətlərində onlara uğurlar arzulayıb, milli mətbuatımızın ilk nümunəsi olan, 1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində “Əkinçi” qəzetinin nəşrə başlamasını həmin dövrdə ölkəmizin ictimai-siyasi həyatının mühüm hadisəsi kimi dəyərləndirib.
Bildirib ki, bu gün əsasının qoyulmasının 149-cu ilini qeyd etdiyimiz Azərbaycan milli mətbuatı ötən müddətdə zəngin və şərəfli inkişaf yolu keçib. Milli mətbuatın inkişafı və çiçəklənməsi məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövrünə təsadüf edir və mətbuatın inkişafına dövlət qayğısı siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Çıxış edən Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva diqqətə çatdırıb ki, Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, Azərbaycanın böyük Zəfərinin müjdəçisi olub. Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mətbuatımız 44 günlük Vətən müharibəsinin gedişində ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfələrini verdiyi kimi, postmüharibə dövründə də bu işi davam etdirməkdədir. Sonra Milli Mətbuat Günü ilə əlaqədar videoçarx izlənilib.
Digər çıxış edənlər də milli mətbuatımızın zəngin və şərəfli yoluna nəzər salaraq, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra mətbuat sahəsində əldə olunan uğurlardan danışıblar. Mətbuat işçilərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya media nümayəndələri adından minnətdarlıqlarını bildiriblər.
Sonda 22 İyul – Milli Mətbuat Günü münasibətilə media nümayəndələrinə Şirvan Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən hədiyyələr təqdim olunub.