Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sabahdan başlayaraq iyulun 28-dək “Sea Breeze”də keçiriləcək “Dream Fest 2024” Beynəlxalq Musiqi Festivalının iştirakçılarının rahat və təhlükəsiz gediş-gəlişini təmin etmək, yollarda yarana biləcək sıxlığın qarşısını almaq məqsədilə avtobuslar ayırıb. SİA AYNA-ya istinadən xəbər verir ki, ziyarətçilərin həmin tarixlərdə hər gün saat 16:00-dan 20:00-dək “Koroğlu” metrostansiyasının cənub çıxışındakı Nəqliyyat Mübadilə Məntəqəsindən (Piramidanın arxası) “Sea Breeze”ə, saat 22:30-dan 02:30-dək isə Alov parkı (Koroğlu m/st şimal çıxışı) –Nərimanov parkı – Səməd Vurğun parkı marşrutu üzrə geri daşınması təmin ediləcək.
"Sea Breeze” və ətrafında parklanma yerlərinin məhdud olmasını nəzərə alaraq, festivalın qonaqlarına səfərlərini şəxsi minik avtomobilləri ilə deyil, avtobusla həyata keçirmələrini tövsiyə edirik. Ziyarətçilər Koroğlu Nəqliyyat Mübadilə Məntəqəsində yerləşən 500-dən çox parklanma yerində nəqliyyat vasitələrini saxlayaraq yollarına avtobusla davam edə biləcəklər", - deyə AYNA bəyan edib.