"Azərbaycanda seçkilərin demokratik keçiriləcəyinə inanıram" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

22 İyul 2024 14:56 (UTC+04:00)

"ATƏT-in Demokratik İslahatlar və İnsan Hüquqları bürosundan seçkiləri müşahidə etmək istəyi anlaşılandır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

O bildirib ki, onların əsas məqsədi odur ki, burada olsunlar, sonra bütün dünyaya hay-küy salsınlar: "İstər Mərkəzi Seçki Komissiyası, istər dairə seçki komissiyaları çalışmalıdır ki, onlar üçün bu şərait yaradılmasın. Çünki keçmək şansı olmayan partiya nümayəndələri daha çox yerlərdə özlərini elə aparırlar ki, artıq bunlar seçiliblər. Yəni seçkiləri keçirməyin mənası yoxdur, çox əminliklə rəftar edirlər. Bu, yaxşı deyil.

Mənə elə gəlir ki, xaricdən ötürülmüş yeni reseptdir. Çünki əvvəlki seçkilərdə dairəyə gələnlər demirdilər ki, "bu dairə mənimdir, mən həmişə buradan keçmişəm, yenə də keçməliyəm". Yaxud da, "həmin dairəni biz arendaya götürmüşük". Bu fikirlərin yayılması Azərbaycana növbəti problemlər yarada bilər. Bunu görməmək mümkün deyil. Mən inanıram ki, bu tip məsələlər reallığa çevrilməsin deyə, Mərkəzi Seçki Komissiyası nə lazımdırsa, bütün addımları atacaq.

Mən Azərbaycanda seçkilərin demokratik keçiriləcəyinə inanıram. Ona görə də uzun müddət fasilədən sonra seçkilərdə iştirak edirəm".