PREZİDENT İLHAM ƏLİYEV: "Atdığımız bütün addımlar əsas məqsədi güdür: iqtisadi və siyasi müstəqilliyimizi daha da gücləndirmək"
"Bizim atdığımız bütün addımlar və etdiyimiz təşəbbüslər əsas məqsədi güdür: ölkəmizi gücləndirmək, iqtisadi gücümüzü artırmaq, iqtisadi və siyasi müstəqilliyimizi daha da gücləndirmək və Azərbaycanı yüksək liqaya daxil etdirmək".Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 20-də "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda deyib.Qeyd edək ki, iyulun 20-də ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhərində "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatıldığı Forumda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib və "Euronews" televiziyasının aparıcısı və prodüseri xanım Rebekka Maklaflin-İsthamın və iştirakçıların suallarını cavablandırıb.
"BİZİM ÜSTÜNLÜYÜMÜZ ONDAN İBARƏTDİR Kİ, DÖRD İL ƏRZİNDƏ QOŞULMAMA HƏRƏKATININ SƏDRLİYİNİ ETMİŞİK"
Prezident İlham Əliyev bir sıra məsələlərdən söz açmaqla yanaşı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar həyata keçirilən tədbirlər və hazırlıq işləri barədə də ətraflı məlumat verib.Ölkəmizin COP-la bağlı gündəliyi proqnozlaşdırıla bilən, aydın və hədəflərə, məqsədlərə və nəticələrə köklənmiş bir gündəlikdir. COP29-u qlobal miqyasda ən mühüm hadisələrdən biri, dünyada bir nömrəli konfrans kimi dəyərləndirən Prezident İlham Əliyev belə bir tədbirin postsovet məkanında ilk dəfə keçirildiyini vurğulayaraq bildirib ki, bu, misilsiz bir şansdır ki, biz ən yüksək liqaya daxil oluruq: "Biz təkcə təşkilati baxımdan işlər görmürük, mahiyyət baxımından da təşəbbüslər irəli sürürük. Biz inkişaf etmiş ölkələrlə fəal şəkildə işləyirik, Qlobal Cənubla Qlobal Şimal arasında körpülər qururuq. Bizim üstünlüyümüz ondan ibarətdir ki, dörd il ərzində Qoşulmama Hərəkatının sədrliyini etmişik".
ÖLKƏMİZ BU ÇAĞIRIŞA VƏSAİT AYIRAN İLK ÖLKƏ OLUB
Forumda bir daha bu məsələdən söz açan dövlətimizin başçısı Afrika ölkələrinin də bu prosesdən kənarda qalmadığını qeyd edib. Bildirib ki, biz Afrika İttifaqının üzv ölkələri ilə əməkdaşlığı gücləndirməyə çalışmışıq və Efiopiyada biz öz səfirliyimizi təsis etmişik ki, həmin qitədə əməkdaşlıq üçün zəmin yarada bilək: "Afrika İttifaqının bir çox üzvləri ilə fəal təmaslarımız var". Bütün bunlar isə yalnız bir məqsədə xidmət edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, biz istəyirik ki, Azərbaycanda keçiriləcək COP29 həm də həmrəylik tədbiri olsun: "Digərlərini təşviq etməliyik ki, bizim nümunəmizə uyğun olaraq hərəkət etsinlər".
Prezident İlham Əliyev, həmçinin bildirib ki, bizim atdığımız bütün addımlar və etdiyimiz təşəbbüslər əsas məqsədi güdür: ölkəmizi gücləndirmək, iqtisadi gücümüzü artırmaq, iqtisadi və siyasi müstəqilliyimizi daha da gücləndirmək və Azərbaycanı yüksək liqaya daxil etdirmək. Dövlət başçımız COP29-un bu istiqamətdə önəmli addım olacağını vurğulayıb. Amma bəziləri hələ də bu ali məqsədi anlamaq istəmirlər. Bu məqama toxunan dövlətimizin başçısı deyib: "Biz bu istəkdə olanda bəziləri bəlkə də bunu anlamırdı. Bu gün də buna ağız büzənlər var: "nəyə lazımdır", "qoyun rahat yaşayaq?", "yenə tədbir olacaq, yenə qonaq gələcək". Biz artıq bunun bəhrəsini görürük. Azərbaycanın geosiyasi əhəmiyyəti artıq önəmli dərəcədə artıb. Bizim beynəlxalq müstəvidə təmasda olduğumuz ölkələrlə ikitərəfli əlaqələrimiz artıq başqa məcrada inkişaf edir".
Qeyd edək ki, Azərbaycan həmişə inkişaf etməkdə olan kiçik ada dövlətləri ilə həmrəy olub, onların legitim maraqlarını və narahatlıqlarını müdafiə edib. Təkcə bir faktı xatırladaq ki, pandemiya zamanı Azərbaycan, həmçinin 80-dən çox ölkəyə, o cümlədən 20-yə yaxın İnkişaf etməkdə olan kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərib. Keçən ilin mart ayında isə Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyev inkişaf etməkdə olan kiçik ada dövlətlərində pandemiyadan sonrakı bərpanı dəstəkləmək üçün fəaliyyətə Qlobal çağırış elan edib. Dövlətimizin başçısı bu çağırışla beynəlxalq ictimaiyyəti pandemiyanın sosial-iqtisadi nəticələrinin aradan qaldırılması üçün İnkişaf etməkdə olan kiçik ada dövlətlərinə maliyyə yardımı və birbaşa iqtisadi dəstək göstərməyə dəvət edib.
Bəli, bu gün Azərbaycan övlət başçısının dünyada qazandığı yüksək nüfuz bir çox beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsinə imkan yaradır. Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi irəli sürdüyü təşəbbüslər, qlobal məsələlərdə yüksək fəaliyyəti bu gün dünya ictimaiyyəti tərəfindən dəstəklənir və təqdirəlayiq hesab edilir. Elə COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı yekdil qərarın qəbulu da bir daha göstərdi ki, dünya ölkələri İlham Əliyevin fəaliyyətinə yüksək qiymət verirlər.
Azərbaycanın istər COP29-un təşkili, istərsə də cari ilin "Yaşıl dünya naminə həmrəylik ili" barədə tövsiyə və qərarlarında nəzərdə tutduğu məqsədlər əksər dövlətlər, beynəlxalq qurumlar tərəfindən çoxtərəfli müstəvidə müzakirə edilir və dəstəklənir. Çünki iqlim dəyişikliyi son zamanlar nəinki dünya iqtisadiyyatı, bəşəriyyətin mövcudluğu üçün ciddi fəsadlar yaradır. Odur ki, problemin gündən-günə kəskinləşdiyini nəzərə alan bir çox mütərəqqi ölkələr "yaşıl inkişaf"a keçid təşəbbüslərini alqışlayır, konkret ölçülərin götürülməsi məsələsini aktuallaşdırırlar.
Beləliklə də, artan nüfuz, güc, iqtisadi qüdrət Azərbaycanı həm də müstəmləkəçilikdən əziyyət çəkən xalqların azadlıq mübarizəsinin qlobal platformasına çevirib desək, yanılmarıq. Bütün bunlar isə Prezident İlham Əliyevin yürütdüyü mütərəqqi siyasətin tərkib hissəsidir. Və bu gün Azərbaycan, dövlət başçımızın söylədiyi kimi: "Bakıdakı COP üçün seçdiyimiz "Yaşıl dünya naminə həmrəy olaq" şüarı bizim COP29 missiyamızın ruhunu əks etdirir. Hamımız birlikdə bu vəziyyətlə üzləşdiyimiz üçün bütün ölkələri planetimizi xilas etmək naminə həmrəylik nümayiş etdirməyə çağırıram. Bu məqsədə çatmaq üçün bizə siyasi iradə və Azərbaycanın daim müdafiə etdiyi çoxtərəflilik lazımdır".
Bir sözlə, artıq iqlim gündəliyinikn paytaxtına çevrilən Bakı bu mötəbər tədbirə ciddi hazırlaşır. Bu məqamda Prezident İlham Əliyevin sözügedən tədbirdə söylədiyi aşağıdakı sözlərini də xatırlatmaq yerinə düşər: "Bizim COP heyətimiz çox səmərəli işləyir və vaxtının böyük hissəsini xaricdə keçirir, müxtəlif görüşlər keçirir. Ölkəmizin COP-la bağlı gündəliyi proqnozlaşdırıla bilən, aydın və hədəflərə, məqsədlərə və nəticələrə köklənmiş bir gündəlikdir." Bu isə o deməkdir ki, dünya Azərbaycanın sədrliyi ilə bu ilin noyabr ayında möhtəşəm COP29 tədbirinin şahidi olacaq.
RƏFİQƏ KAMALQIZI