“Qadınların uzun ömür sürməsi kişilərlə müqayisədə onların sağlam həyat tərzləri, yaşaması ilə deyil, orqanizmlərində qocalmanı ləngidən əlavə gen sürətinin olması ilə əlaqələndirilir. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi statistikaya əsasən hal-hazırda insanların yaşama ömrü 71 yaşdır. Dünya ölkələri üzrə qadınların yaşama müddəti 73 il, kişilərinki isə 68 il təşkil edir. Bu tendensiyanın yəni, qadınların kişilərə nisbətən daha uzunömürlü olmasını antropoloqlar ictimai icma quruluşunda yaşamış xalqlar arasında da müşahidə olunduğunu müəyyən etmişlər”. Bu sözləri SİA-ya açıqlamasında həkim infeksionist Xatirə Əliyeva deyib.
Onun sözlərinə görə, ənənəvi olaraq kişilərin az yaşamasını onların qeyri-sağlam həyat tərzi sürməsi, kökəlmə, alkoqol, tütün, narkotik vasitələrə meylli olması ilə əlaqələndirmişlər: “Lakin Kaliforniya institutunun alimləri Deno Dubl və onun həmkarları qadınların və kişilərin çox yaşamasının səbəbini sosial şəraitlə deyil, genetika ilə əlaqəli olduğunu qeyd ediblər.
İnsan genetik tədqiqat obyekti kimi çox böyük spesifikliyə malikdir. Bu o deməkdir ki, insanın irsiyyəti onda baş verən dəyişiklikləri öyrənmək çox çətindir. Son zamanlar insan genetikası xeyli inkişaf etmişdir. 1956-cı ildə dəqiq müəyyən edildi ki, insanın hüceyrəsində xromosomların diploiq sayı 46-dır. Xromosomların quruluşunun tətbiqi 20-ci əsrin 60-cı illərindən başlayaraq öyrənilmişdir. İnsanın normal kariotipi 22 cüt autoson və bir cüt cinsiyyət xromosomlarından yəni, kişilərdə XY, qadınlarda isə XX xromosomlarından ibarətdir”.
“Deno Dubl və onun həmkarları tədqiqat apararkən müəyyən etdilər ki, Y kişi xromosomları həyati əhəmiyyətli genlərdən məhrumdur. Qadın X xromosomları isə həm zəif, həm də güclü cins üçün həyati əhəmiyyətlidir.
XY xromosomları beyin və digər orqanların işində həm struktur, həm də fəaliyyət baxımından böyük əhəmiyyətləri vardır və bu tədqiqatlar nəticəsində belə bir nəticə alındı ki, qadınların uzunömürlü olmalarının səbəbi onlarda X xromosomlarının olması ilə əlaqədardır”,- deyə həkim əlavə edib.