“Şuşa 2-ci Qlobal Media Forumu vasitəsilə Qarabağda ikinci dəfə əllidən artıq ölkənin media nümayəndəsi bir araya gəldi. Bu, olduqca əhəmiyyətli bir platformadır və sevindirici haldır ki, bu forumun keçirilməsi artıq ənənəyə çevrilib. Çoxsaylı nümayəndənin bu foruma qatılması bu tədbirə artan marağın göstəricisidir. Forumda Prezident İlham Əliyevin iştirakı isə media mənsublarına yüksək səviyyəli münasibətin göstəricisidir. Dövlət başçımız bu dəfə də 3 saat ərzində media mənsublarının müxtəlif mövzuları əhatə edən suallarını cavablandırdı, regiondakı yeni reallıqlarla bağlı ən vacib mesajlar verildi, Azərbaycanın haqlı mövqeyi dünyaya bəyan olundu”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Millət vəkilinin sözlərinə görə, ötən 1 ildə Cənubi Qafqaz regionunda tarixi transformasiyanın, geosiyasi dəyişikliklərin baş verdiyini diqqətə çatdıran dövlət başçımız bəyan etdi ki, bu müddətdə ittifaqlar bir qədər zəifləyib və yeni əməkdaşlıq formatları meydana gəlib: “Baş verən yeniliklər isə regionu daha proqnozlaşdırılabilən edə bilər. Bu isə bu regionun xalqlarının özünü təhlükəsiz hiss etməsi deməkdir.
Forumun mövzusu kimi yalan məlumatların ifşası və dezinformasiyaya qarşı mübarizənin seçilməsi də təsadüf deyil. Belə ki, həqiqətən də bu gün dünya “fake news”un bir növ qurbanına çevrilib. Azərbaycan da uzun illər bunun qurbanı olub. Prezident aialham Əliyev diqqəri ermənipərəst siyasətçilərin, media nümayəndələrinin Azərbaycana qarşı hücumlarına yönəltdi. Bildirdi ki, Azərbaycan haqqında uzun illər yanlış narrativlər yayırdılar və Azərbaycanı reallıqdan çox uzaq olan bir şəkildə təqdim edirdilər”.
“Prezidentin də söylədiyi kimi, biz istərdik ki, Azərbaycanda və regionda baş verən hadisələr obyektiv şəkildə işıqlandırılsın. Bu, müəyyən dezinformasiya sayəsində obyektiv deyilsə, eybi yoxdur. Ancaq bu, məqsədyönlü şəkildə edilirsə, bu, Azərbaycanı nüfuzdan salmağa yönəlibsə, əlbəttə, biz sual veririk ki, bu, nədən baş verir, bu, niyə belə olmalıdır?
Zirvə görüşlərinin intensivliyinə gəlincə, dövlət başçısı buna Rusiya ilə münasibətlər kontekstində münasibət bildirdi. Ümumilikdə isə son vaxtlar Prezidentin Astana səfəri, ŞƏT çərçivəsində səylər, Çinlə imzalanan srateji tərəfdaşlıq sazişi, Astanada Rusiya prezidenti ilə görüş, Türkiyə-Pakistan formatında əməkdaşlıq, BRİKS-lə münasibətlərin güclənməsi yeni imkanlar açıldığını təsdiqləyir. Eyni zamanda Mərkəzi Asiya ölkələri ilə münasibətlər, birgə təlimlər, dövlət başçımızın Pakistan səfəri, ondan əvvəl Şuşada türk dövlət başçılarının zirvə görüşü və digər rəsmi görüşlər ölkəmizin imicinin daha da möhkəmləndiyini göstərir. Şuşadakı Qlobal Media Forumunda Azərbaycan Prezidentinə ünvanlanan sualların xarakteri də ölkəmizin nüfuzunun daha da artdığını bir daha təsdiqlədi”,- deyə o əlavə edib.
Ləman Sərraf