"Bir çox insanlar ad günü, xoş günlər və bayramları sevmir, qeyd etməkdən qaçırlar. Bunun müxtəlif səbəbləri var. Hər kəs bu əlamətdar günlərə fərdi yanaşma edir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülər Məmmədova deyib.
O bildirib ki, bayramlar bir çox insan üçün adi, sadəcə hansısa günə məna yükləmək kimi qəbul edilir: "Həmin insanlar o günü sıradan bir gün kimi qeyd edirlər, elə də təmtərağı sevmirlər. Çünki bu, insanın xarakterindən asılı olur. İnsanlar xarakterlərinə görə bir çox psixotiplərə bölünürlər ki, onların xarakterində bu bayramları qeyd etmək kimi ənənələr dayanmır. Çünki onlar yığıncaqları, fərqli insanların fərqli söhbətlərini sevmirlər, bayramlarda onların ünvanına edilən təbriklərə geri dönüş etmək üçün səbirləri çatmır, maraqlı deyil və bütün bu əlamətdar günlərin tələbləri onları yorur. Həm təbrik etmirlər, həm də təbrik olunmasını istəmirlər.
Doğum günlərini hər kəs özünəməxsus şəkildə qeyd edir. Sinir sistemində problem olan, uşaqlıqda travmatik həyat yaşayan, sevilməyən, çətin həyat görən uşaqlar böyüdükdə ad günlərini qeyd etməyi o qədər də sevmirlər. Bunun müxtəlif səbəbləri var. Çünki onlar yaşlarının üstünə yaş gəldikcə sanki "geridə xoş həyat qoymamışam" deyə kədərlənirlər. Yaşlanmaqdan ehtiyat edən insanlar da var ki, yaşlarının üstünə yaş gəldikcə kədərlənərək "bir yaş da qocaldım" deyib pessimist fikirlərə qapılırlar. Bu cür insanlar ad günündə xoşbəxt ola bilmirlər, hətta yubiley yaşında belə onların ünvanına deyilən xoş sözlər, verilən böyük hədiyyələr onlar üçün o qədər də önəm kəsb etmir, çünki onlar ömürlərindən bir günün də keçdiyini, "bir il də yaşlandıq" deyə məna yükləyirlər. Hansı ki, doğum günü hər bir insan üçün əlamətdar gün hesab olunur. Bu, hər kəsdə özünəməxsus şəkildə cərəyan edir. Hər kəs bu prosesə öz təfəkkür potensialına uyğun olaraq dəyər verir. Ad gününü özünü sevən, özünə dəyər verən, müəyyən yaşa qədər yaşadıqlarını ümumiləşdirib nələrsə qazandığını, həyatda bir yer tutub etdiyi xeyirxah əməllərinə görə özünə hədiyyə edən insanlar var. Belə insanlar doğum günü çox xoşbəxt olur, ətrafda qazandığı dost, qohum-əqrəbaya görə çox xoşbəxt olur. O qədər sevincinin həddi-hüdudu olmur ki, həmin günü sevincini paylaşmaq üçün dostları bir yerə yığır, deyib-gülür, əylənir, həmin gün onun xoşbəxt günlərindən olur, çünki dünyaya gəlmişdir, onu sevirlər. Bu cür ürək sahibi olmaq, bu cür xarakterə malik olmaq əslində insanın inkişafı, perspektiv yaşamı üçün çox faydalıdır. Çünki hər bir insan özünün bu dünyada varlığını duymalı, duydurmalı, sevməyi bacarmalıdır. Necə ki, bu insanlar hər il ömürlərindən gedən ili faydasız il kimi deyil, "mən bu ili yaşamışam və öyrəndiklərim, öyrətdiklərim olub" deyə xoş an kimi yadda saxlamalıdır".
"Çətinlik hər kəsdə olur, çətinliyi aşırıq. Bir ömür boyu çətinlik, ömür boyu sevinc deyilən bir şey yoxdur. Həyatın fəlsəfəsini dərk etdikcə insan doğulduğu günə dəyər verərək bu yaşamını zamanla fizioloji baxımdan bədənində müəyyən dəyişikliklər getdiyini qəbul edib, yaxşı prioritet götürüb özünə dərd etməməlidir. "Mən bu yaşımı da gördüm, bu yaşımda hesabat verməliyəm" deməlidir. Bir çox insan hesabatda çətinlik çəkir, verə bilmir, bir çoxları da hesabatın mərdliklə öhdəsindən gəlir. İnsan "bu bir il ərzində bunları qazandım, bəzi şeyləri itirsəm də, mənim xeyrimə oldu, təbiətin qaydası idi, mən bunları əldə etdim" deyərək özünü xoşbəxt hiss etməyi bacarmalıdır" - deyə o, əlavə edib.