Mərkəzi Gömrük Hospitalında Açıq qapı günü keçirilib - FOTOLAR

22 İyul 2024 11:45 (UTC+04:00)

Mərkəzi Gömrük Hospitalında Kardiologiya şöbəsinə Açıq qapı günü keçirilib. Tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, dosent İlsamyıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəisi - baş həkim Bəxtiyar Musayev, Kardiologiya şöbəsinin rəisi Dr.İlqar Tahiroğlu, kardioloqlar Samir Mustafayev, Şəhla Ağayeva, şöbənin tibb heyəti, PR mütəxəssis Diları Zamanova, media nümayəndələri və həkim-rezidentlər iştirak ediblər. SİA xəbər verir ki, tədbirin rəsmi açılış hissəsində Mərkəzi Gömrük Hospitalının rəisi - baş həkim Bəxtiyar Musayev ilk öncə media nümayəndələrini 22 iyul Milli Mətbuat Günü münasibətilə təbrik edib, Mərkəzi Gömrük Hospitalının fəaliyyəti, Kardiologiya şöbəsi barədə, eləcə də Azərbaycanda nadir icra olunan, lakin Mərkəzi Gömrük Hospitalında gündəlik cərrahi əməliyyatlar sırasına daxil olmuş kəsiksiz, qasıqdan girilərək ürəyin klapanı dəyişdirilənTAVİ və digər əməliyyatlar barədə ətraflı məlumat verib. Baş həkim Bəxtiyar Musayev bildirib ki, bir neçə il əvvəl insanlara fantastik kimi görünən bu və digər əməliyyatlar hazırda Mərkəzi Gömrük Hospitalında ödənişsiz, İcbari Tibbi Sığortanın Xidmətlər Zərfi çərçivəsində icra olunur.
Prezident İlham Əliyevin milli səhiyyənin inkişafına böyük diqqət və önəm verdiyini vurğulayan Bəxtiyar Musayev bu sahənin modernləşdirilməsi, insan kapitalının inkişaf etdirilməsi və səhiyyə iqtisadiyyatının gücləndirilməsinin dövlətimiz üçün prioritet məsələlərdən biri olduğunu qeyd edib. Bəxtiyar Musayev bütün sahələrdə olduğu kimi səhiyyə sahəsində də dövlət siyasətini dəstəkləyən Dövlət Gömrük Komitəsinin ayrılmaz bir hissəsi olan Hospitalın, davamlı şəkildə yenidənqurma işlərini apardığını, modernizasiya prinsipini əsas tutaraq müasir texnologiyaların istifadəsi ilə yeni tibbi xidmətlər tətbiq etdiyini və peşəkar kadrlar yetişdirdiyini qonaqların diqqətinə çatdırıb.
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət idarəsinin rəis müavini İsmayıl Əfəndiyev bildirib ki, Mərkəzi Gömrük Hospitalının təşkilatçılığı ilə mütəmadi olaraq respublikanın bir çox regionlarında keçirilən tibbi-sosial aksiyalar, eləcə də Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət idarəsinin əməkdaşlıqla bağlı imzaldığı memorandumlar, memorandumlara əsasən həyata keçirilən tədbirlər barədə geniş danışıb.
Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, invaziv kardioloq İlqar Tahiroğlu Kardiologiya şöbəsinin fəaliyyətindən danışaraq, burada hazırda qonşu ölkələrdə hələ də tətbiq olunmayan İcbari Tibbi Sığortanın Xidmətlər Zərfi çərçivəsində icra olunan TAVİ, EVAR, TEVAR və digər əməliyyatlar barədə ətraflı məlumat verib. İlqar Tahiroğlu qeyd edib ki, Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin kardioloqları tərəfindən 24 saat ərzində invaziv və qeyri-invaziv əməliyyatlar uğurla icra edilir. O, kardioloji və digər mürəkkəb əməliyyatların da icrasının Xidmətlər Zərfi çərçivəsində xəstələr üçün əlçatanlığının təmin edilməsinə görə görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə, Səhiyyə Nazirliyinə, TƏBİB-ə və İcbari Tibbi Sığorta şirkətinə öz minnətdarlığını bildirib.
Daha sonra Dr.İlqar Tahiroğlu tədbir iştirakçılarını Kardiologiya şöbəsinin müayinə otaqları ilə tanış edib. Tədbir iştirakçıları Anju otağında 84 yaşlı pasiyentin üzərində icra edilən TAVİ əməliyyatını canlı olaraq izləyiblər. Dr.İlqar Tahiroğlu tərəfindən icra edilən əməliyyat zamanı heç bir kəsik aparılmadan döş qəfəsində ümumi anesteziya verilmədən ayaq damarından girilərək yeni aorta klapanı yerləşdirilib. Sonra Kardiologiya şöbəsinin kardioloqu Ləman Eyvazlı xəstəni transezofagial EXO vasitəsilə müayinə edərək qoyulmuş yeni qapağın bütün strukturunun və digər qapaqların dəyərləndirilməsini aparıb. Əməliyyat uğurla başa çatıb.
Hospitalın kardiologiya şöbəsində keçirilən Açıq qapı gününün məqsədi media nümayəndələrinə, həkim rezidentlərə bu tibb müəssisəsinin fəaliyyəti, həkimlərin həyata keçirdiyi prosedurlar, müalicə üsulları, onların icra etdikləri cərrahi əməliyyatlar haqqında məlumat verməklə yanaşı, onlarla daha yaxından ünsiyyət qurmaq imkanıdır. Tədbir kollektiv xatirə şəklinin çəkilməsi ilə başa çatıb.