Düzgün məlumatın paylaşılması cəmiyyət üçün olduqca vacibdir - Prezidentin köməkçisi

21 İyul 2024 11:06 (UTC+04:00)

Cəmiyyətimiz tənqidi giymətləndirmək öhdəliyini daşıyır. Burada təkcə jurnalistlərin deyil, cəmiyyətin də rolu mühümdür. SİA xəbər verir ki, bu fikri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 2-ci Şuşa Qlobal Media Forumunda çıxışı zamanı söyləyib.

Medianın süni zəka ilə bağlı proseslərdə geridə qaldığını vurğulayan Hikmət Hacıyev bildirib: “Biz BMT-də və sair təşkilatlarla qlobal şəkildə daha sıx işləməliyik. Terminologiya ilə bağlı bir çox işlər görülməlidir. Düzgün məlumatın paylaşılması cəmiyyət üçün olduqca vacibdir”.

Azərbaycan müstəqillik qazandığı dövrdən etibarən ciddi dezinformasiyaya, xüsusilə də Ermənistan tərəfindən dezinformasiyaya məruz qaldığını söyləyən prezidentin köməkçisi vurğulayıb deyib ki, geniş çeşidli müxtəlif dezinformasiya dalğaları var idi. Baxmayaraq Azərbaycan humanitar böhranla üzləşmişdi, mətbuat orqanlarında xəbərlərin başlıqları elə idi ki, sanki bunu biz ermənilərə qarşı törətmişik.