...İspaniyada terror məqsədi ilə NATO ölkələrinə qarşı kiberhücumlar təşkil etməkdə şübhəli bilinən üç haker həbs edilib.
SİA-nın əldə etdiyi məlumata görə, “Deutsche Welle” yazır ki, bu barədə şənbə günü, iyulun 20-də İspaniya Daxili İşlər Nazirliyinin Mülki Qvardiyası öz rəsmi saytında yazıb. Şübhəlilərin evlərində axtarışlar aparılıb.
Məlumata görə, həbslər Mayorka adasında, eləcə də ölkənin cənubundakı Huelva və Sevilya şəhərlərində həyata keçirilib.
...İspaniya hüquq-mühafizə orqanları iddia edir ki, hakerlər müharibə kontekstində Ukraynayönlü mövqe tutan dövlət qurumlarına, kritik infrastruktura və həmin ölkələrin xidmətlərinə qarşı xidmətdən imtina hücumlarında iştirak ediblər.
Mülki Qvardiyanın hesabatında həmçinin bildirilir ki, həbs edilənlər Rusiyanın Ukraynaya qarşı müharibəsinin başlamasından sonra ortaya çıxan rusiyayönlü NoName057 haker qrupu ilə əlaqəli ola bilər.
İspan təhlükəsizlik rəsmilərinin dediyinə görə, təşkilat özünün təsis manifestində Qərbi rusofobların düşməncəsinə və açıq-aşkar anti-Rusiya hərəkətlərinə mütənasib şəkildə cavab verəcəyini etiraf edir.
Yeri gəlmişkən, iddialara görə, son zamanlar Avropa Birliyində kiberhücumların sayı kəskin artıb.
Bu il mayın sonunda Avropa Kibertəhlükəsizliyi Agentliyinin rəhbəri Yohan Lepassaar AP-yə müsahibəsində 2024-cü ilin birinci rübündə Avropa Birliyi infrastrukturuna kiberhücumların sayının 2023-cü ilin son rübü ilə müqayisədə iki dəfə çox olduğunu bildirib.
Onun sözlərinə görə, onların bir çoxunun arxasında Rusiya ilə əlaqəli hakerlər dayana bilər. Lepassaar bildirib ki, Rusiyanın Ukraynaya təcavüzü 2022-ci il fevralın 24-də başlayandan bəri “geosiyasi səbəblərdən” kompüter sındırmalarının sayı durmadan artır.
Əli Babayev