Biz Afrika İttifaqının üzv ölkələri ilə əməkdaşlığı gücləndirməyə çalışmışıq və Efiopiyada biz öz səfirliyimizi təsis etmişik ki, həmin qitədə əməkdaşlıq üçün zəmin yarada bilək.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında bildirib.
“Afrika İttifaqının bir çox üzvləri ilə fəal təmaslarımız var”, - deyən dövlətimizin başçısı əlavə edib ki, əlbəttə, Qoşulmama Hərəkatında sədrliyimiz bizə Afrika qitəsində olan ölkələrlə praktiki təmaslar qurmağa kömək edib. Bu gün artıq oradan rəsmilər Azərbaycana səfər edirlər. COP29-la bağlı dəvətlər göndərdiyini və bir çox Afrika ölkələrinin prezidentlərinin iştiraklarını təsdiqlədiklərini bildirən Prezident İlham Əliyev bunun təmasların qurulması üçün yaxşı fürsət olacağını deyib.