Susuz qalma təhlükəmiz var

19 İyul 2024 15:40 (UTC+04:00)

Ekoloji problemlərin bu qədər artması fonunda dünyanı gözləyən təhlükələrdən biri də quraqlıqdır. Quraqlıq, yağışların qeydə alınmış normal səviyyədən aşağı düşməsi nəticəsində torpaq və su ehtiyatlarına mənfi təsir göstərən və hidroloji tarazlığın pozulmasına səbəb olan təbii hadisədir. Bütün dünyada quraqlığa təsir edən əsas amillər atmosfer çirkliliyi, fiziki-coğrafi faktorlar və iqlim şəraitidir. Quraqlığın bildiyimiz 3 növu var - meteoroloji quraqlıq, kənd təsərrüfatı quraqlığı, hidroloji quraqlıq.

Təxminən 30 gün və daha çox müddətdə yağıntının normadan az, temperaturun yüksək və nisbi rütubətin aşağı olması ilə müşahidə olunan quraqlıq meteoroloji və ya atmosfer quraqlığı adlanır. Yağıntı normadan 1,5 ortakvadratik yayınma miqdarı hüdudundan az olanda sərt quraqlıq, yağıntı normadan 1,5 ortakvadratik yayınma miqdarından az olanda isə çox sərt quraqlıq kimi səciyyələndirilir.

Kənd təsərrüfatı quraqlığı, müəyyən bir bitkinin suya ehtiyacı olduğu böyümə dövründə - kritik vaxtında torpaqda kifayət qədər nəm olmadıqda baş verir. Kənd təsərrüfatı quraqlığı meteoroloji quraqlıqdan sonra və hidroloji quraqlıqdan əvvəl baş verən tipik vəziyyətdir. Kənd təsərrüfatı quraqlığı, torpaq bərəkətli olsa belə, məhsuldarlığı xeyli dərəcədə azalda bilər. Yüksək temperatur, aşağı nisbi rütubət və külək yağıntıların olmamasının əsas səbəblərindəndir.

Hidroloji quraqlıq yağıntıların uzun müddət olmaması nəticəsində səth və qrunt sularında baş verən azalma və çatışmazlıqlar nəticəsində yaranır. Bu çatışmazlıqlar yaransa çay axınının, göl, su anbarı və yeraltı su səviyyəsinin ölçülməsi aparılır. Hidroloji ölçmələr quraqlığın ilk göstəriciləri deyil, çünki yağışın olmaması ilə çaylarda, dərələrdə və su anbarlarında suyun olmaması arasında vaxt intervalı var. Hidroloji quraqlıq meteoroloji quraqlıq başa çatdıqdan sonra uzun müddət davam edə bilər.

Əhalinin artması, həddindən artıq istehlak və israf, son illərdə qeyri-müntəzəm və qeyri-kafi yağıntılar səbəbindən dünya çox ciddi təhlükənin astanasındadır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünya əhalisinin 40%-i su qıtlığı ilə mübarizə aparır və 700 milyona qədər insan 2030-cu ilə qədər quraqlıq səbəbindən miqrasiya riski altındadır. Bu, həm də qida çatışmazlığı və epidemiyalar kimi bir çox risklər yaradacaq.

Dünyada hər il təxminən 55 milyon insan quraqlıqdan əziyyət çəkir. Qeyri-adekvat su ehtiyatları heyvandarlıq və kənd təsərrüfatı sektorlarına zərər vurmaqla yanaşı, insanların əsas dolanışıq vasitələrini də risk altına qoyur. O, epidemik xəstəliklər, məcburi köçlər və ərzaq qıtlığı kimi təhlükələr yaradaraq bəşəriyyətin həyatını təhlükəyə atır. Üstəlik, Yerdəki suyun yalnız 2,5 faizi şirin sudur və bu qaynaqların yalnız 10 faizi əlçatandır. Qalan şirin su ehtiyatları yeraltı sularda və buzlaqlarda mühavizə olunur. Dünyada 663 milyon insanın adekvat su ehtiyatlarına çıxışı yoxdur, hər gün 5 yaşınadək 800 uşaq qeyri-adekvat su, kanalizasiya və pis gigiyena şəraitinin yaratdığı ishaldan ölür. Dünyada qadınlar və qızlar evlərinə su daşımaq üçün ümumilikdə 200 milyon saat sərf edirlər.

Əhalinin artımı, sənaye və enerji sektorlarında artan tələb və istehlak nisbəti ilə birlikdə məişət sularından istifadənin artması qarşıdakı quraqlıq riskini daha aydın göstərdi. Son bir neçə onillikdə suya tələbatın artması dünya əhalisinin artımından iki dəfə çox artıb. 2040-cı ilə qədər bu tələbatın 4,350 milyard kubmetrə çatacağı bildirilir. Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, növbəti 30 il ərzində qlobal sudan istifadənin ildə təxminən 1% artacağı gözlənilir.

Azərbaycan ərazisində içməyə yararlı sular məhdud ehtiyatlara malik olmaqla qeyri-bərabər paylanıb. Hazırda ölkənin yerüstü su ehtiyatları 27 kubkilometr təşkil edir, quraq illərdə isə bu ehtiyat 20-21 kubkilometrə qədər azalır. Yerüstü su ehtiyatlarının mənbələrini çaylar, göllər, su anbarları və buzlaqlar təşkil edir. Ölkəmizin şirin su ehtiyatlarının 70-72 faizi ölkə hüdudlarından kənarda formalaşır.

Son 1 ildə Azərbaycanın su ehtiyatları minimuma düşüb. Həmişə bol sululuğu ilə məşhur olan Kür və digər kiçik çaylar quruyur. Dünyada gedən qlobal istiləşmə bizdən də yan keçmir, içməli su mənbələrimiz quruyur. Təəssüf ki, bizdən fərqli olaraq, bir çox dünya ölkələri bu həyati təhlükə ilə bağlı ciddi tədbirlər gördü. Azərbaycan su ehtiyatlarının az olduğu ölkələrdən biridir, ölkənin ümumi su ehtiyatının 70 faizi xarici mənbələr hesabına formalaşdığından qlobal problem başlayanda həmin 70 faiz su da bizə çatmayacaq. Transsərhəd çaylarından gələn suyu həmin ölkələr istifadə edəcək.

Kürdə suyun səviyyəsinin aşağı düşməsi məsələsinə gəlincə, bunun bir çox səbəbləri var. Onlardan biri Kür çayının mənbəyi olan Türkiyədə bir neçə su anbarının tikilməsidir. Mənbə sularının böyük hissəsi orada toplanılır və çaya az gəlir. İkincisi isə, Kürə axan kiçik çaylar ekoloji səbəbdən quruyub. Məsələn, meşələr qırılıb, qum, çınqıl daşları daşınılıb. Həmin çaylar lilli suyu Kürə gətirir və çayın aşağı axarlarında onun dibi yuxarı qalxır. Məhz ona görə də keçən il əksinə olaraq, dəniz suyu Kürə axmağa başladı. Üstəlik, Kür çayına təzyiq artıb. Ondan suvarmada nəzarətsiz və məhdudiyyətsiz istifadə edilir. Bir çox böyük plantasiyalar suvarma üçün Kür çayının suyunu normadan artıq götürürlər.

Azərbaycanın 30 faiz su ehtiyatı Qarabağda yerləşir. Həmin su ehtiyatlarından səmərəli istifadə edilsə ətraf regionlar da vəziyyətdən çıxa bilər. Amma bu kortəbii yox, sistemli, elmi şəkildə əsaslandırılmış işlər vasitəsi ilə həyata keçirilməlidir. Suyun düzgün paylaşdırılması, bölüşdürülməsi, su mənbələrinə normal təzyiq verilməsi kimi məsələlər nəzərə alınmalıdır. Yəni bir tərəfdə daha çox su istismar edib, digər tərəfdə qıtlıq yaratmamaq üçün düzgün kanalların çəkilməsi, alternativ mənbələrdən istifadə etmək lazımdır.

Lalə Mehralı