Qadın sürücülər bu işin öhdəsindən necə gəlirlər? - MÜNASİBƏT BİLDİRİLDİ

19 İyul 2024 10:12 (UTC+04:00)

"Dünya statistikasında qadınların sürücülüyü, sürücülüyü mənimsəməsi ilə bağlı fikirlər birmənalı deyil". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib.

O bildirib ki, yəni sürücünün ümumi, istər formal, istər qanuni olaraq onun sürmə qaydaları, qanunları mənimsəməsi, özünəməxsus fikir və münasibəti heç də cəmiyyət tərəfindən birmənalı qarşılanmır: "Çünki bizdə Sovet psixologiyasından qalıb ki, xanımlar nəqliyyat vasitəsindən uzaq olmalıdır. Amma buna baxmayaraq bizim trolleybus, tramvay, avtobus sürən xanımlarımız olub. Bu da bir tarixi göstəricidir. Qaldı ki 5 qadından 3-nün sürücü olmasına, bu, təbii ki, belədir.

Hər bir şəxs sürücülük vəsiqəsini aldıqdan etibarən yol hərəkətinin iştirakçısıdır. Birmənalı olaraq o, yol hərəkətinin təşkilinə borcludur. Yəni borcludur ki, yol hərəkəti təhlükəsiz, rahat olsun. Ona görə də istər bəylər, istər xanımlara müəyyən fərqli prizmadan yanaşılır. Ondan da əlavə kimliyindən asılı olmayaraq hər kəs yol hərəkəti haqqında qanunun müddəalarını doğru, dürüst bilməlidir. Xanımlara nisbətən kişilərdə manevretmə qabiliyyəti, daha riskli vəziyyətlərə daxil olmaq, risklərdən çıxmaq müşahidə olunur. Düzdür, xanım sürücülər arasında da bu tendensiya var, amma elə güclü deyil. Daha çox riskli və manevrlər etmə, manevrlərə daxil olma da kişilərdə müşahidə olunur".