"Azərenerji"nin xalis mənfəəti kəskin azalıb

19 İyul 2024 09:33 (UTC+04:00)

“Azərenerji” ASC 2023-cü ili 175,112 milyon manat xalis mənfəətlə başa vurub. SİA səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 2,5 dəfə azdır.

Bununla belə, qurumun yığılmış zərəri 7,9 % azalaraq 1 994,391 milyon manata düşüb.

Ötən il “Azərenerji”nin elektrik enerjisi satışından gəlirləri 1 milyard 685,264 milyon manat (əvvəlki ilə nisbətən 8,4 % az), elektrik şəbəkəsinə qoşulma xidmətindən gəlirləri 3,024 milyon manat (2,3 dəfə az), digər gəlirləri 3,741 milyon manat (9,4 % az), yanacaq xərcləri 809,242 milyon manat (0,3 % çox), köhnəlmə-amortizasiya xərcləri 278,518 milyon manat (2,2 % çox), işçi heyəti ilə bağlı xərcləri 104,81 milyon manat (31,4 % çox), təmir-texniki xidmət xərcləri 120,131 milyon manat (70,2 % çox), xammal və material ehtiyatları xərcləri 21,414 milyon manat (13,4 % çox), elektrik enerjisi alışına dair xərcləri 15,751 milyon manat (2,8 dəfə az), ƏDV-nin dəyərsizləşməsi ehtiyatında dəyişiklikdən zərəri 798 min manat (15,1 dəfə az), digər xərcləri 69,7 milyon manat (12,6 % çox), maliyyə xərcləri 24,59 milyon manat (2,7 % az), xarici valyuta mübadiləsindən gəlirləri 160,351 milyon manat (21,6 % az), xarici valyuta mübadiləsindən zərəri 144,521 milyon manat (46,1 % çox), əmlak, tikili, avadanlıq və əmlak, tikili və avadanlıq alınması üçün verilən avans üzrə dəyərsizləşmədən gəlirləri 441 min manat (7 dəfə az), mənfəət vergisi ödəmələri 61,332 milyon manat (37,7 % az), digər vergi ödəmələri isə 26,902 milyon manat (18,7 % az) təşkil edib.

Bu il yanvarın 1-nə “Azərenerji”nin aktivləri 5 milyard 313,872 milyon manat olub ki, bu da illik müqayisədə 17,5 % çoxdur. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 14,4 % artaraq 2 milyard 531,327 milyon manata, balans kapitalı isə 20,5 % artaraq 2 milyard 782,545 milyon manata çatıb.

Xatırladaq ki, "Azərenerji" 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyard 760,495 milyon manatdır. 100% dövlətə məxsus qurum ölkənin əsas enerji istehsalçısı və ixracatçısıdır.