Növbəti "Soyuq Müharibə" Çin dənizindən başlayacaq? TƏHLİL

18 İyul 2024 16:45 (UTC+04:00)

Çin və Rusiya Hərbi Dəniz Qüvvələri Çinin cənubundakı dəniz sularında “Birgə Dəniz-2024” adlı birgə təlimə başlayıb. Mövzu ilə bağlı açıqlama verən Çin Müdafiə Nazirliyi, hər iki ölkənin donanmasının Qərbi və Şimali Sakit okeanlarda patrul xidməti həyata keçirdiyini bildirib. Əlavə olaraq əməliyyatın beynəlxalq və regional vəziyyətlərlə heç bir əlaqəsinin olmadığını və heç bir üçüncü tərəfi hədəf almadığını bildirib.

Xatırladaq ki, ABŞ, Yaponiya və Cənubi Koreya üçtərəfli təlimi başladıqdan bir neçə gün sonra Çin və Rusiya donanmaları bölgədə birgə fəaliyyətlər həyata keçirib. Həmçinin bu müddət ərzində Çin və Rusiya sərhəd bölgəsində terror və ekstremizmlə mübarizə və kəşfiyyat məlumatlarının mübadiləsinə əsaslanan birgə hərbi təlim keçirib. Onu da qeyd edək ki, Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Vaşinqtonda keçirilən Sammitində ən çox tənqid edilən məsələlərdən biri Çinin Rusiyaya davamlı dəstəyi olub. Nəticə olaraq Çin bu iddiaları rədd etsə də, Şərqi Avropada Belarus və Sakit Okeanda Rusiya ilə hərbi təlimlər keçirərək nə qədər qətiyyətli olduğunun mesajını verir.

Beynəlxalq arenada baş verən hadisələrdən asılı olmayaraq, Çin və Rusiya arasında strateji tərəfdaşlıq, hərbi əməkdaşlıq və birgə təlimlər davam edir. Bu inkişaf edən əlaqələri, Qərbin son vaxtlar artan təzyiq və tənqidləri ilə əlaqələndirmək yetərli olmaz. İki dövlət arasında bu hərbi tərəfdaşlıqlar 21-ci əsrin əvvəllərindən etibarən inkişaf etməktədir. Bu cür manevrlər orduların hazırlığını artırmaq, çəkindirmə və qətiyyət mesajı vermək üçün edilir. Qərbin müdafiə-təhlükəsizlik əməkdaşlığı Avrasiya qitəsinə və Sakit Okeana yayıldıqca, Çin və Rusiya kimi dövlətlər də öz etirazlarını göstərmək və öz koordinasiyalarını artırmaq üçün bu cür hərbi əməkdaşlıqlar yaradırlar.

Məsələnin daha öncəsinə baxdıqda Rusiya-Çin müştərək donanması 2023-cü ilin iyul və avqust aylarında Sakit Okeanda dəniz təhlükəsizliyi fəaliyyətlərini davam etdirib və Alyaska sahillərində birgə təlimlər keçirib. Bu müddətdə birgə donanmanın patrul xidməti Şərqi Çin dənizinə qədər uzanırdı. Belə əməliyyatalar iki ordu arasında illik əməkdaşlıq planı əsasında həyata keçirilir. Tərəflərin vurğuladığına görə bu kontekstdə heç bir üçüncü tərəfi hədəf alınmır. Maraqlısı budur ki, bu dövrdə Rusiya, Şimali Koreya və Çin arasında üçlü dəniz əməliyyatlarının keçiriləcəyi iddia edilsə də, bu baş tutmayıb. Həmin dövrdə Rusiyanın həm Şimali Koreyaya, həm də Çinə üçtərəfli təlimlərlə bağlı təklif etdiyi iddia edilirdi. Bu baxımdan Çindən gözlədiyi razılığı və dəstəyi görməyən Rusiya Şimali Koreya ilə böyük hərbi ortaqlıq qurmağı bacarıb.

Çinin Rusiya və Şimali Koreya ilə birgə hərbi əməkdaşlığa qatılmamasının səbəbi regionda Qərblə qütbləşmə-blok siyasətinə qarşı olmasıdır. Görünən odur ki, Pekin Qərbin özünün Soyuq Müharibə tipli blok siyasətini Avrasiya qitəsinə və Sakit Okeana qədər genişləndirməsini istəmir. Buna görə də Çin Rusiya və Şimali Koreyanın bu tip hərbi bloka daxil olmasına etiraz edir. Çünki bu cür koalisiyalar regional təhlükəsizliyin və sabitliyin daha da pisləşməsinə gətirib çıxarır və təhlükəsizlik dilemması yaradır. Rusiya və Şimali Koreya isə Qərblə eyni təhlükəli oyunu oynayır, qütbləşmə siyasətinə üz tutur və Soyuq Müharibə tipli bloklaşmaya üstünlük verir.

Digər tərəfdən, Çin regional təhlükəsizliyi təmin etmək, Qərb güclərinə qarşı sərt mövqe sərgiləmək və qətiyyət mesajı vermək üçün Rusiya ilə ikitərəfli hərbi əməkdaşlığı genişləndirir. Şimali Koreyanın Rusiya ilə qurduğu hərbi tərəfdaşlıq-koalisiyasından fərqli olaraq, Çin regional təhlükəsizlik və sabitliyə əsaslanan təhlükəsizlik əməkdaşlığını alqışlayır və dəstəkləyir. ABŞ, Cənubi Koreya və Yaponiyanın son zamanlar konkret hərbi koalisiya yaratmaq meyli gələcəkdə Çin və Rusiya arasında daha geniş əməkdaşlığa səbəb ola bilər. Buna görə də yaxın gələcəkdə Çinin Rusiya ilə Cənubi və Şərqi Çin dənizlərində, eləcə də Koreya və Yapon dənizlərində daha çox təlim keçirməsinin şahidi ola bilərik.

Məsələ ilə bağlı Çin Xarici İşlər Nazirliyi 2024-cü ilin fevralında verdiyi bəyanatda bildirib ki, Çin və Rusiya Asiya, Sakit Okean məsələlərində kommunikasiya və koordinasiyanı gücləndirməli və regional təhlükəsizlik, sabitliynin inkişafı üçün əməkdaşlığı davam etdirməlidir. Eyni zamanda BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatı kimi platformalarda Rusiya ilə strateji koordinasiyasını artırmaq istəyən Çin də bu ortaqlığı dənizlərə daşımağa çalışır.