Kənd təsərrüfatı məhsullarının qiyməti niyə bahalaşıb? - RƏYLƏR

18 İyul 2024 12:28 (UTC+04:00)

Son günlərdə kənd təsərrüfatı məhsullarının qiymətində artım müşahidə olunur. Ekspertlər bildirir ki, bunun bir neçə səbəbi var. SİA bu səbəblər barədə sorğu keçirib.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov: “Kənd təsərrüfatı məhsullarının qiymətinin artmasının bir neçə səbəbi var. Birincisi, istehsal azalıb. İkincisi isə, istehsal xərci artıb. Bildiyiniz kimi, bu il fermerlər daha baha qiymətə gübrə əldə ediblər. Eyni zamanda, xidmətin də qiymətində artım müşahidə olunur. Bütün bunlar məhsulun istehsal xərcinə təsir göstərir və maya dəyərini artırır. Bundan əlavə iyulun 1-dən dizel yanacağının qiyməti də artıb. Yəni, yetişmiş məhsulun yığımı və daşınması xərcində də artım var. Bu səbəbdən təbii olaraq kənd təsərrüfatı məhsulları baha qiymətə bazara çıxarılır.

Apardığım araşdırmalara görə, təəssüf ki, qonşu ölkələrlə müqayisədə hələ də Azərbaycanda xiyar, pomidor kimi tərəvəzlərin qiyməti yüksəkdir. Bu mövsümdə qiymətlər indikindən 2 dəfəyədək aşağı olmalı idi. Çünki açıq şəraitdə yetişdirilən bu tərəvəzlərin örtülü təsərrüfata nisbətən istehsal xərci az olur.

Qiymətlərlə yanaşı məhsulların keyfiyyətində də ciddi problemlər var. Əlbəttə ki, buna iqlimin də müəyyən təsiri var. Amma istənilən halda fermerlərimiz aqrotexniki qaydalara tam əməl edə bilmirlər. Çünki istehsal xərcləri artır. Aqrotexniki qaydalara əməl edilmədikdə məhsuldarlıq aşağı düşür. Məhsulun maya dəyəri isə yüksək olur. Bu da kəndliləri məhsullarını nisbətən yüksək qiymətə satmağa vadar edir”.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli: “Bu il qış fəsli normal keçsə də, erkən yazdan başalayaraq əlverişsiz və qeyri-sabit hava şəraiti kənd təsərrüfatı məhsullarının inkişafına mənfi təsir göstərib. Ona görə də məhsuldarlıq kifayət qədər aşağı düşüb. Hazırda ölkədə bəzilərini istisna etmək şərtilə, kənd təsərrüfatı məhsullarının qıtlığı müşahidə olunur. Məsələn, Azərbaycana artıq pomidor idxal olunur. Hər il bu dövrdə Azərbaycandan yüz min tonlarla pomidor ixrac edilirdi. Amma bugünkü gündə ölkəmizə pomidor idxal olunur. Yəni, vəziyyət bu dərəcədə acınacaqlıdır. Bu məhsul qıtlığı da qiymətlərin artmasına səbəb olur”.

Ləman Sərraf