Həsən bəy Zərdabi irsini yaşadanlar - MƏQALƏ

18 İyul 2024 12:13 (UTC+04:00)

Hər bir xalqın milli məfkurə tarixində anadilli mətbuatın rolu əvəzsizdir. Təəssüf ki, ənənəçi Şərqin təsir dairəsindən uzun illər çıxa bilməyən Azərbayan mədəniyyət, incəsənət və ədəbiyyatında oyanış meyilləri XIX əsrin ortalarına doğru başladı. Bu xüsusda milli mətbuatın yaranması və inkişafının mühüm rolu oldu. Belə ki, 1875-ci ildə iyulun 22-də maarifçi ədib Həsən bəy Zərdabinin redaktorluğu ilə çap olunmağa başlayan “Əkinçi” qəzeti təkcə ilk mətbu orqan kimi deyil, həm də maarifçilik yolunda atılmış ilk uğurlu addım kimi Azərbaycan tarixində özünə layiqli yer tutdu. Azərbaycan ictimai fikir və sivil düşüncə tarixinin bu işıqlı səhifəsi milli-mədəni mədəniyyətimizə yeni meyarlar, yeni düşüncə tərzi gətirdi. Həsən bəy Zərdabi çar Rusiyasının vaxtında onun ilk universitetlərindən birində təhsil alan ilk müsəlman – azərbaycanlılardan biri idi. Rusiya mühitinə daxil olmaq, ordakı maarifçi hərəkatı görmək Zərdabinin düşüncəsində ciddi yenilik etmiş, vətənə geri dönəndən həyatının sonuna qədər öz xalqının inkişafı üçün var gücü ilə çalışmışdır. Lakin qaragüruhcu qüvvələrin və çar Rusiyasının ciddi təzyiqinə məruz qalmış, yaratdığı ilk mətbu orqan cəmi iki il fəaliyyət göstərə bilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 iyun 2020-ci il tarixli “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında sərəncamı”nda deyilir: “145 il əvvəl - 1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşmüşdür. Sonrakı illərdə çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr vermiş, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərmişdir”. Təsadüfi deyil ki, bundan sonra müxtəlif təzyiq və təqiblərə məruz qalmasına baxmayaraq bir-birinin ardınca anadilli mətbu orqanlar fəaliyyətə başladı və Azərbaycan dünya tarixinə xalqımızın maarifçi ziyalılarından Ünsizadə qardaşları, Ə.Topçubaşov, F.Köçərli, M.Şahtaxtlı, C.Məmmədquluzadə, Ə.Ağayev, Ə.Hüseynzadə, H.Vəzirov, Üzeyir və Ceyhun Hacıbəyli qardaşları və digər məfkurə sahiblərinin şəxsində demokratik jurnalistika mədəniyyətinə yiyələnmiş məmləkət kimi daxil oldu.“Kəşkül”, “Ziya” “Ziyayi - Qafqaziyyə”, “Tərcüman”, “Həyat”, “İrşad”, “Təzə həyat”, “Həqiqət”, “Açıq söz”, “Azərbaycan” kimi qəzet, “Füyuzat”, “Dəbistan”, “İşıq” “Molla Nəsrəddin” kimi jurnallar bugünküböyük və müstəqil Azərbaycan mətbuatının əsasını qoydu. Bu gün fəaliyyət göstərən 600-dən çox yazılı mətbu orqan var. Bütün bunlar “Əkinçi”dən başlayan milli mətbuat tarixmizi layiqincə davam etdirir, uğurlu media siyasətinin göstəricisi kimi mütərəqqi ənənələri inkişafına xidmət edir.

Avtandil Ağbaba

Sumqayıt Dövlət Universitetinin professoru,

Əməkdar jurnalist, QAİ-nin Ziyalılar Şurasının üzvü