"Vətənpərvərlik hisslərini aşılamaq üçün illərdir ki, böyük ölkələr, əvvəllər isə imperiyalar çox nəhəng, ideoloji işlər aparıblar". Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.
O bildirib ki, bununla bağlı lap qədimdən filosof, alim, ordu sərkərdələri, hətta məmur, din xadimləri qabağa çıxıblar: "Onlar vətənin sevilməsi, qorunmasının vacibliyini geniş ictimaiyyətə, yeni nəslin nümayəndələrinə, məktəblilərə, gənclərə çatdırıblar. Əslində vətənpərvərlik bir ideoloji anlayış olaraq Vətəni sevmək, qorumaq, inkişaf etdirmək, gələcək nəsillərə layiqincə çatdırmaq deməkdir. Amma onun digər tərəfi də var ki, bəs Vətən vətəndaşlar üçün nə edir? Bu qarşılıqlı münasibətlərin cəmini vətənpərvərlik ideologiyasında elə səmimi hisslərlə, elə sadə və obrazlı ifadələrlə izah etmək lazımdır ki, onun ünvanlandığı insanlar, toplum bunu anlasın, dərk etsin və Vətəni sevmək üçün bir ideoloji, mənəvi, əxlaqi, mədəni, fəlsəfi anlayış olaraq qəbul etsin.
Sovet dövründə vətənpərvərliklə bağlı çox mürəkkəb, çox pilləli işlər aparılırdı. Orta məktəbdə pioner, komsomol, həmkarlar ittifaqı, müxtəlif klublar, səyahət və ekskursiya mərkəzləri və sair hamısı yeni nəslin nümayəndələrini Vətəni tanıtmaq və sevmək üçün təşkil olunmuşdu. İl ərzində çox böyük mitinqlər, Oktyabr inqilabı, 1 May vətəndaşların Həmrəylik Günü və sair məsul bayramlar keçirilirdi. Bütün bunlar həm toplumu bir yerə cəm edib sosiallaşdırmaq və dövlət, Vətən üçün qorxulu hallar olanda birləşdirmək asan olsun deyə, edilirdi. Eyni zamanda məktəblərdə də hər zaman dərslər himnin səslənməsi ilə başlayırdı. Bu da istər-istəməz toplum şəklində vətənpərvərliyin inkişafına səbəb olurdu".
Onun sözlərinə görə, Azərbaycanda bu mənada nələr də baş versə, vətənpərvərliklə bağlı problemimiz yoxdur: "Çünki bizim çox güclü ədəbiyyatımız, incəsənətimiz, poeziya nümunələri ancaq vətənpərvərliyə köklənib. Qarabağda gənclərimizin mahnı, həm muğam, həm də meyxana oxumaları, bununla düşmənin qarşısına mərdanə getmələri vətənpərvərliyin bir formasıdır. İnsanların Vətəni sevdiyini, Vətənə görə ölümə getdiyini, cənab Prezidentin bir çağırışı ilə 100 mindən çox könüllünün Qarabağı xilas etmək üçün səfərbər olması, hərbiçilərimizin mərdliyi və sair bütün bunlar bizim apardığımız, yazıçı, şairlərin, ictimai xadimlərin, QHT-lərin, pedaqoji kollektivin vətənpərvərlik işləri ilə bağlıdır.
Uşaqları hər zaman vətənpərvərlik hissləri ilə, Vətəni sevmək, öz milləti ilə fəxr etməyə cəlb etmək lazımdır. İndiki zamanda bu bir az çətinləşib. Baxmayaraq ki, orta məktəb və müxtəlif klublarda, müxtəlif tədbirlərdə yenə də o ənənələr davam etdirilir. Amma indi uşaqlar daha çox internet vasitəsilə dünyaya çıxış əldə etdiklərinə görə bir qədər vətənpərvərlik hisslərindən sanki uzaqlaşırlar. Əslində bu hiss bütün dünyada artıq geriyə gedib. Daha çox insan, şəxsiyyət, fərd, onun bacarığı, peşəkarlığı, kreativliyi, intellektuallığı önə gəlib. Bu, indi vətənpərvərliyi cəm halda olan ideoloji silah olaraq arxa plana versə də, istər-istəməz bunun sintezindən nələrsə etmək olar. Güclü şəxsiyyət həm də güclü Vətəndir. "Vətəni sevmək üçün sən güclü, intellektual, peşəkar olmalısan" kimi şüarlarla çıxış etmək olar. Düşünürəm ki, yaxın vaxtlarda bununla əlaqədar həm Elm və Təhsil Nazirliyi, həm Mədəniyyət Nazirliyi, həm Azərbaycan Yazıçılar Birliyi, Elmlər Akademiyası, QHT-lər, ziyalılar, media birləşib vətənpərvərliyin daha yeni formalarını tapıb gənclərə müraciət etməyin həlli yollarını tapacaqlar. Bununla da bizim yeniyetmələr, gənclər Vətənlərini daha da çox sevərlər".