Mərkəzi Gömrük Hospitalının Patomorfoloji Diaqnostika şöbəsində müayinələr yüksək dəqiqliklə həyata keçirilir

18 İyul 2024 11:25 (UTC+04:00)

Mərkəzi Gömrük Hospitalının müasir mikroskoplarla, immunofluoressensiya, müasir histoloji avadanlıqlarla tam təchiz olunmuş Patomorfoloji Diaqnostika şöbəsində histoloji, histokimyəvi, immunohistokimyəvi müayinələr yüksəkixtisaslı həkim-patomorfoloqlar tərəfindən həyata keçirilir.
Patomorfoloji müayinə hüceyrə, toxuma və orqan səviyyəsində patoloji prosesi müəyyən etmək üçün insan orqanizminin ətraflı öyrənilməsi üsuludur. Xəstəliyin mərhələsinin yoxlanılması və müəyyən edilməsi, differensial diaqnostika, dərman, radiasiya, cərrahi və sitostatik müalicə zamanı dinamik monitorinq üçün böyük əhəmiyyət kəsb edir. Histoloji analiz üçün material vizual nəzarət altında: endoskopiya, ultrasəs, KT, MRT və ya əməliyyat zamanı biopsiyadan istifadə etməklə əldə edilir. Mədə-bağırsaq traktının endoskopik müayinəsi zamanı biopsiya standart diaqnostik prosedurdur.
Patomorfoloji diaqnostik müayinələr həm şiş/neoplastik proseslərdə, həm də qeyri-şiş patologiyaları zamanı aparılır. Müayinələr həm də incə iynə biopsiya üsulu ilə götürülən toxumalarda işlənilir. Əməliyyat sırasında aparılan təcili müayinələr zamanı toxumalar Leica Frozen cihazı ilə kəsilib hazırlanır. İmmunohistokimya müayinələri Leica DM 2500 mikroskop vasitəsi ilə aparılaraq yüksək dəqiqliyə malik olan nəticələri əldə etməyə imkan verir.
İmmun rənglənmələr həm manual, həm də Leica BONDMax Biosystem cihazı ilə həyata keçirilir. Materialların ümumi işlənməsində hermetik biosistemdən istifadə olunur. Patomorfoloji laboratoriyada spesimenlər Leica CM 1100 (Almaniya), Sacura ACCU-CUT (Yaponiya) mikrotomlarda kəsilir, Nikon Eclipse 50 İ mikroskoplarda vizual müayinələr aparılır. Histoloji, histokimyəvi və immunohistokimyəvi tədqiqatlarda İtaliya və Almaniya istehsalı olan reaktivlərdən istifadə edilir.

Mərkəzi Gömrük Hospitalının
PR mütəxəssisi Dilara Zamanova