Özlərini ifşa edən LƏKƏLƏR – TƏHLİL

17 İyul 2024 23:32 (UTC+04:00)

Ölkədə sivil qaydalar, mütərəqqi qanunlar heç zaman əyrilərin işinə yaramayıb və bu gün də belədir. Qanunlar cəmiyyətin daha saf, daha şəffaf, daha ədalətli olması üçün əvəzsizdir və əgər həmin qanunlar kimləri isə narahat edirsə, deməli, onların özlərində problem var və buna görə də narahatlıq keçirməli olurlar. Bəzi özlərini jurnalist adlandıranları da media haqqında qanunun qəbulu beləcə narahat edirsə, deməli, bəlli olur ki, fəaliyyətləri qaranlıqdır və narazılıqlarının səbəbləri də aydın olur.

Maraqlıdır, Prezident Aparatı qarşısında aksiya keçirməyi planlaşdıran jurnalistlər nəyə nail olmaq niyyətindədirlər? Məqsəd nədən ibarətdir axı? Qanun onlara sərf etmirmi? Bəzi özlərini jurnalist adlandıranlar Prezident Aparatı qarşısında aksiya keçirməyi planlaşdırdıqları halda, müxalif medianın da aksiyanı işıqlandırmağa çalışması əlbəttə ki, səbəbsiz deyil. Bəli, onlar səbəb olaraq, bəzi saytların bloklanması ilə bağlı qərarı göstərirlər, amma başa düşmək istəmirlər ki, bu, artıq çoxdandır zərurətə çevrilib. Sözsüz ki, aksiya keçirmək istəyənlərin də, həmin aksiyanı işıqlandırmaq istəyənlərin də səbəb kimi ortaya qoymaq istədikləri ola bilər, amma onların ortaya qoymaq istədikləri səbəb yox, ancaq bəhanə ola bilər. Bəhanə isə heç zaman səbəb hesab edilə bilməz, çünki tamamilə fərqlidir.

Özlərini jurnalist adlandıran, əslində isə reketçiliklə, jurnalistikaya yaraşmayan fəaliyyətlə məşğul olanlar artıq əl-ayağa düşüblər və sözsüz ki, bunu başa düşmək də çətin deyil. Ona görə başa düşmək çətin deyil ki, məhz bəzi özlərini jurnalist adlandıranlar bilirlər, dərk edirlər, həm də hiss edirlər ki, reket medianın sonu yaxınlaşır. Məhz elə həmin reket jurnalistika ilə məşğul olanların, yaxud da kimlərinsə dəyirmanına su tökənlərin vaxtının bitdiyini yaxşıca başa düşdükləri üçün narahat olmağa başlayıblar. Hətta qorxularını da hiss etmək çətin deyil. Məsələ burasındadır ki, onların keçirdikləri qorxunun da, narahatçılığın da, qaraguruh salmalarının da heç bir mənası olmayacaq. “Qorxunun əcələ faydası yoxdur”, zərb məsəlində deyildiyi kimi, onların hay-küy salaraq özlərini nə şəkildə aparmaları, hətta aksiyaları belə qanuna mane olan deyil. Azərbaycan mediası bu mərhələni də uğurla keçəcək və kimlərsə heç nəyə mane ola bilməyəcəklər.

Bir çox özlərini jurnalist adlandıranlar, indi də özlərinə əl qatanlar, əl-ayağa düşənlər, aksiya keçirmək istəyənlər və bu aksiyanı da işıqlandırmaq niyyətində olanlar dərk etməlidirlər ki, ortaya qoyulan qanunun tələbidir. Dərk etməli və anlamalıdırlar ki, media haqqında qanunun qəbulu, reyestrin qəbulu məhz ictimai nüfuzu olan həqiqi informasiya resurları, həqiqi jurnalistlər, birinci növbədə medianı reketçiliyə çevirənlərdən ayrılsın deyədir. Cəmiyyətimiz özü bunun tərəfindədir və heç də bunun əleyhinə deyil. İstənilən halda medianı reketçiliyə çevirənlər cəmiyyətimiz tərəfindən qəbul edilən olmayıb. Bunun hər zaman şahidi olmuşuq. Şahidi olmuşuq ki, reketçiliklə məşğul olan, tamamilə qarandıq fəaliyyət üzərində işini quran, yaxud da, kimlərinsə dəyirmanına su tökənləri cəmiyyətimiz hər zaman qınayıb. Belələrinə qarşı ikrah hissinin olduğunu da dəfələrlə müşahidə etmişik. Bu isə, əlbəttə ki, Azərbaycan mediasına, onun şərəfli fəaliyyətinə heç də yaraşan deyil və bunun qarşısının alınmasının zamanı yetişib.

Bəzən təkcə paytaxt Bakıda deyil, bölgələrimizdə də bəzi özlərini jurnalist adlandıran reketçilərin “peyda” olduqları barədə eşidirik. Özlərini jurnalist adlandıran bu reketçilər müxtəlif qurumlara yaxınlaşaraq, istədiklərini yazacaqları ilə hədə-qorxu gəlib pul istədikləri barədə də söz-söhbətin şahidi oluruq. Özü də onlar həqiqəti deyil, məhz böhtan və qarayaxma yazacaqlarını da əvvəlcədən bildirirlər. Belələrinə həqiqətlər qətiyyən maraqlı deyil. Hərdən bölgələrimizdə, ayrı-ayrı rayonlarımızda, kəndlərimizdə bələdiyyələr, onların fəaliyyəti barədə də ağızlarına gələni yazacaqları ilə hədə kəsib pul istəyənlər də olur. Bunun adı jurnalistika deyil, reketçilikdir və həqiqətən də haqlı olaraq, ikrah hissi doğurur. Ölkəmizin öz işini şərəflə yerinə yetirən jurnalistlərinin adına da belələri ləkə hesab olunur. İndi bu ləkənin təmizlənməsi elə həmin o ləkələrin özlərini narahat etməkdədir.

Bir çox hallarda media adı altında dolaşan reketçilər, yəni, jurnalist adına ləkə olanlar, ayrı-ayrı şəxslərin də şəxsi həyatına qarışırlar. Bir çox özlərini jurnalist adlandıran reketçilər insanların həyatlarına, yaşayışlarına da burun soxurlar. İstədiklərini yazacaqları ilə də onları hədələyirlər. Həqiqəti deyil, məhz istədiklərini, onlara sərf edəni, daha dəqiq desək, kimlərsə haqqında bohtanı yazacaqlarını əvvəlcədən bildirirlər və bununla da pul almaq niyyəti güdürlər. Bu isə qətiyyən qəbul edilən deyil. Əvvəla kiminsə şəxsi həyatına qarışmaq, onunla bağlı şəxsi informasiyaları, hətta həqiqət olsa belə, məhz həmin şəxsin özünün icazəsi olmadan ictimailəşdirmək qanunla qadağandır. Digər tərəfdən də axı onlar həqiqətlər haqqında düşünmürlər və niyyətləri pul qoparmaq üçün yalana, iftiraya, böhtana belə əl atmaqdır. Bunun da adı ancaq reketçilikdir, jurnalistika deyil.

Daha bir məqam da diqqətdən yayınan deyil ki, qeyd etdiyimiz kimi, həqiqətən də, bəzi özlərini jurnalist adlandıranlar kimlərinsə dəyirmanına su tökürlər. Bir çox hallarda ölkəmizin milli maraqlarına zidd siyasət yürüdən, xalqımızın dəyərlərinin əksinə olaraq fəaliyyət göstərən qüvvələrin əllərində pul müqabilində, vəsaitlər qarşılığında oyuncağa çevrilməyi özlərinə rəva bilən jurnalistlər də olur ki, onları da cəmiyyətimiz qətiyyən qəbul etmir, əksinə, nifrət hissini, ikrah hissini qətiyyən gizlətmir. Çünki xalqımızın, dövlətimizin əleyhinə fəaliyyət ən böyük xəyanətdir. USAİD, NED kimi təşkilatlara işləyən xəyanətkarlar da özlərini jurnalist hesab edirlərmi və onların fəaliyyətinə də jurnalistika fəaliyyəti demək olarmı? Eyni zamanda reketçiliklə məşğul olanlara da jurnalist adı vermək mümkündürmü və onların fəaliyyətinə də jurnalistika fəaliyyəti adı vermək olarmı? Qətiyyən olmaz. Belələrinə qarşı qanun öz sözünü deyirsə, burada qeyri-adi nə ola bilər ki, utanmadan da əl-ayağa düşdüklərini, hələ bir üstəlik belə narahatlıqlarını, özləni faş edən aksiyalarını da işıqlandıracaqlarını da bildirirlər?

Bəzi jurnalist adına ləkə olan kəslər qanunla bağlı narahatlıqlarını bildirdikləri zaman özlərini ifşa etmiş olurlar. Mütəmadi olaraq bəzi qurumlara, bir çox insanlara hədə-qorxu gələrək iftira, böhtan atacaqları ilə hədələyən, əvəzində də pul istəyən, qəpik-quruşa mənliyini, şəxsiyyətini satanlar müvafiq qanunla bağlı indi narahatlıqları ilə şərəfli jurnalist peşəsinə ləkə olduqlarını faş edirlər. Sözsüz ki, belələrinə, onların hay-küy salmalarına, qondarma aksiya barədə dediklərinə istər cəmiyyətimiz, istərsə də dövlətimiz tərəfindən məhəl qoyulmayacaq və onların reket jurnalistika ənənələrinə son qoyulacaq. Bununla da həmin o bəzi jurnalist adına ləkə olanlar, reketçiliklə məşğul olanlar, jurnalistikadan uzaq olanlar birdəfəlik elə jurnalistikadan da uzaqlaşdırılacaqlar. “Azad sözə basqı” təsəvvürü formalaşdırmaq istəyənlər, daha doğrusu, buna cəhd edənlər bilməlidirlər ki, nə onların dediklərinin azad sözə aidiyyatı yoxdur, nə də reketçiliyə qarşı aparılan mübarizə heç də “azad sözə qarşı basqı” deyil. Bu,cmiyyətin məhz jurnalist adına ləkə olanlardan təmizlənməsi deməkdir. İndi narahatlığını ifadə edən, bunu utanmadan bəyan edən, hətta utanmazlığını işıqlandıracağını da gizlətməyən həmin ləkələrdir.