Dəfələrlə şahidi olmuşuq ki, bəzi ölkələr hansısa münaqişənin aradan qaldırılması, sülh şəraitinin bərqərar olması üçün qətiyyən çalışmırlar. Əksinə, ABŞ kimi bir ölkənin timsalında dünya dövlətlərinin bəziləti əmin-amanlığın hökm sürməsində qətiyyən maraqlı görünmürlər. Əks halda, işğalçılığı dövlət siyasəti olaraq qəbul edən Ermənistan kimi bir ölkə ilə hərbi təlimlərə maraq belə göstərilməzdi və bunun əvəzinə həmin ölkə sülhə təhrik edilərdi. Amma görünən odur ki, Amerika Birləşmiş Ştatları indi də Ermənistanla birgə hərbi təlimlər keçirməklə, sadəcə olaraq, regionda vəziyyətin gərginləşdirilməsinə maraq göstərir.
Hegemonluq iddiasında olan bir ölkənin rüsvayçı məğlubiyyətlə qarşılaşan bir ölkə ilə hərbi təlimlər keçirməsi olduqca gülüncdür
Qonşu ölkənin ərazilərini işğal edən, 30 ilə yaxın, az qala əsrin üçdə birinə yaxın müddət ərzində həmin əraziləri işğal altında saxlayan bir ölkə ilə hərbi təlimlər keçirmək kimin nəyinə lazımdır? Azərbaycan ərazilərinə vəhşicəsinə soxulanlarla, qonşu ölkənin ərazisini zəbt edənlərlə, əhalisinə qarşı soyqırımlar törədənlərlə ABŞ niyə hərbi təlim keçirməlidir? Bəlkə amerikalılar erməniləri daha da təcribəli etmək niyyətindədirlər ki, daha qəddarcasına, daha böyük vandallıqla hərəkət etsinlər? Əks halda, amerikalılar haylara hansı təlimi keçmək fikrində ola bilərlər axı? Hərbi təlim adı altında işğalçılara daha böyük təcrübə qazandırmaqmı fikri var amerikalıların? Rəsmi Vaşinqtonun belə təlimlərlə bağlı fikri, niyyəti nədir axı? Dünyanın ən güclü ordularından birinə sahib olan ABŞ, Cənubi Qafqazın ən cılız, ən zəif, hətta fərarilər yığınından ibarət olan, rüsvayçılıqla dolu olan, rəzil vəziyyətdəki məğlub Ermənistan silahlıları ilə hansı niyyətlə hərbi təlim keçə bilər? Bunun adını nə qoymaq olar və amerikalılar özləri bu barədə hansı qənaətdədirlər? Suallar, əlbəttə ki, çoxdur və hər biri də, göründüyü kimi, məntiqidir. Amma bu suallara amerikalılar özləri cavab verməlidirlər. Heç olmasa özləri üçün bir qənaətə gəlməli idilər və düşünmək lazım idi ki, dünyaya hegemonluq etmək iddiasında olan bir ölkənin çox rüsvayçı məğlubiyyətlə qarşılaşan, dünyada məğlub tərəf kimi tanınan bir ölkə ilə hərbi təlimlər keçirməsi olduqca gülüncdür. Bəli, gülüncdür, amma gülünc olmaqla yanaşı, həm də bu təlimlər heç də elə-belə, səbəbsiz ola bilməz. Heç şübhəsiz ki, bu təlimləri keçirməkdə də bir məqsəd var və ABŞ kimi bir ölkə belə bir təlimlərə hansısa səbəbdən, nəyə görə isə, özü də məhz sülh gündəliyinin ortada olduğu bir dönəmdə əl atıb və görünür, bu təlimlər nəyə isə hesablanıb. Amma nəyə hesablana bilər, deyə hər kəs haqlı olaraq düşünməkdədir.
Hayların böyük əksəriyyəti belə amerikalılar qədər “canfəşanlıq” etmirlər
Maraqlıdır ki, ABŞ məhz Ermənistanla təlimi kimə qarşı keçirmək niyyətindədir? Həmin təlimlər kimə qarşı keçirilir? Axı amerikalılar üçün də, haylar üçün də şərti düşmən belə yoxdur, müharibə də çoxdan bitib və ortada sülh gündəliyi var. İndi hansı üzlə və hansı əsasla sülhə mane olmaq istəyinə düşüblər axı? Heç Ermənistan rəhbərliyi özü belə, hayların böyük əksəriyyəti belə amerikalılar qədər “canfəşanlıq” etmirlər. Bəli, işğalçı ölkədə revanşist qüvvələr var və onlar hələ də hansısa axmaq iddia ilə çıxış edirlər. Yəni, sülh gündəliyini qətiyyən qəbul etmək istəmirlər və özlərinə mənsub olmayanı ağıllarına belə sığışmayan şəkildə geri almaq iddiası ilə çıxış etməkdədirlər. Amma bununla belə hərbi yöndə bununla bağlı qətiyyən fikirlər səsləndirmirlər və toqquşmadan çəkindikləri, qorxduqları da dərhal görünür. Daha dəqiq desək, nə istədiklərini özləri də bilmədən hansısa ağılsız iddia ilə çıxış etsələr də hərbi məsələlər barədə spekulyasiyalara belə cürət edə bilmirlər. Məsələ burasındadır ki, onlar belə bir şəkildə ehtiyat etdikləri, hərbi məsələlərdən çəkindikləri halda, ABŞ məhz hərbi təlimləri gündəmə gətirir və Ermənistanla belə bir təlimlərə başlayırsa, deməli, ortada başqa çirkin niyyətlər var. Nədən ibarət ola bilər bu niyyətlər və nəyə nail olmaq fikrinə düşə bilər amerikalılar? Həqiqətən də maraqlıdır və buna görə də diqqəti cəlb edir.
Əslində, revanşist fikirlərin ortada olduğu bir ölkədə, bir cəmiyyətdə hərbi məsələlərlə bağlı istənilən addım, istənilən hərbi tədbir, ələlxüsus da hərbi təlimlər aranı qızışdırmaq deməkdir. İndi amerikalılardan soruşmaq lazımdır ki, onlar Ermənistanı Azərbaycanla münaqişəyə qızışdırmaq üçün niyə əldən-ayaqdan gedirlər? Bundan onlar nə kimi fayda görürlər ki, hərbi təlimlər adı altında bir çox revanşistləri niyə münaqişəyə, müharibəyə sövq edir, həvəsləndirirlər? Axı ermənilər üçün, haylar üçün istənilən anda münaqişə törətmək, aranı qarışdırmaq, təxribatlara əl atmaq heç də çətin deyil və belə bir toplumu həvəsləndirməklə yəqin ki, nəyə isə nail olacaqlarını düşünənlər var. Hər halda, nəyə ümid etdikləri, nə istədikləri əvvəlcədən təxmin edilə bilər.
Amerikalıların okaeanın o tayından gəlmələri, təlim adı altında regiona burun soxmaları səbəbsiz deyil və ortada çirkin niyyət var
Ən maraqlı məqamlardan biri odur ki, ermənilər artıq vəziyyətləri ilə, məğlubiyyətləri ilə barışdıqları halda, amerikalılar, fransalılar nədənsə atılıb ortaya düşüblər və revanşistləri qızışdırmaqla məşğuldurlar. Ərazilərimizi tərk edən və gedib İrəvanın küçələrində toplaşan, Ermənstanda məskunlaşan haylar susduqları halda, bununla barışdıqları halda, başda ABŞ olmaqla, həm də Fransa ermənilərin Qarabağa qayıtması məsələsini davamlı olaraq qaldırır və bu qızışdırıcı məsələni gündəmdə saxlamaq üçün bütün vasitələrə əl atırlar. Nəyə görə işğalçı ölkəyə silah verdiklərini də izah belə etmələri mümkün deyil. Terrorçuya, təxribatçıya, işğalçıya silah vermək ancaq aranı qızışdırmaq kimi başa düşülə bilər. Bəs niyə aranı qızışdırmaq lazım gəlir və amerikalıların nəyinə lazım gəlir aranı qızışdırmaq? Belə bir şəkildə həvəsləndirmə ilə, aranın qızışdırılması ilə, yeni münaqişələr törədilməsi ilə, müharibələrə rəvac verməklə, ən azından sülhə mane olmaqla hansısa bir məqsədin güdüldüyü təkzib edilə bilməz. Əks halda, ABŞ kimi bir ölkə burnunu Cənubi Qafqazın ən zəif, rəzil, eyni zamanda rüsvayçı məğlubiyyətlə qarşılaşan və bütün dünyada gülünc vəziyyətdə olan ölkəsi ilə hərbi təlimlərə başlamazdı. Əgər belə bir təlimlərə başlanılıbsa, deməli, okaeanın o tayından boş yerə gəlməyiblər və səbəbsiz yerə də təlim adı altında regiona burun soxmayıblar.
İllərdir ki, Metsamor adlı bir bəlanın region üçün dəhşətli bir faciə vəd etdiyinə də ABŞ məhəl qoymur. Ermənistanda yeni nüvə reaktoru yaradan amerikalılar onsuz da bütün region üçün təhlükə mənbəyi sayılan Metsamoru daha da gücləndirirlər. Belə görünür ki, ABŞ öz maraqlarını güdür və heç nəyi nəzərə almaq fikrində deyil. Vaşinqton üçün Cənubi Qafqazın təhlükəli vəziyyətdə olması heç zərrə qədər də maraqlı görünmür. Yeni nüvə reaktoru yaradan amerikalılar Ermənistanın seysmik zonada yerləşməsini də göründüyü kimi, heç hesaba da almırlar. Özünü dünyanın guya “qayğıkeşi”, eyni zamanda “qoruyucusu” kimi göstərməyə çalışan, belə də təqdim edən ABŞ üçün deyəsən nüvə qaçaqmalçılığı kimi problenlər belə nəzərə alınmır. Ona görə nəzərə alınmır ki, amerikalılar öz maraqlarını qoruyurlar və bu maraqlar da Cənubi Qafqazda özlərinə lazım olan vəziyyəti yaratmaq və beləliklə də regiona burun soxmaqdan ibarətdir. Məhz bu maraqlar naminə bütün normalar, prinsplər belə zərrə qədər nəzərə alınmır. Rəsmi Vaşinqton regiona soxulmaq üçün ilk növbədə sülhün qarşısını almağa çalışır və bu yolda istənilən addımlar, hətta Ermənistanla hərbi təlimlər belə qəbul edilən hesab edilir. Həmin təlimlər aranı qızışdıran məqam hesab olunduğu halda, amerikalılar bunu nəzərə belə almırlarsa, əksinə, daha da həvəslə təlimlərə qatılırlarsa, deməli, onların niyyəti bəllidir. Bəlli olan odur ki, bir tərəfdən sülh çağırışı edən Amerika o biri tərəfdən belə addımlar atmaqla, sadəcə olaraq, öz maraqları, öz çıxarları naminə, Cənubi Qafqaza soxulmaq üçün region ölkələri arasında nifaq toxumu səpmək, aranı qızışdırmaq, daim vasitəçi rolunda çıxış etmək niyyətindədir. Hətta, ABŞ özünün bəzi təhrikçiliyi ilə ermənilərin rusları bölgədən uzaqlaşdırmalarına da nail olmaq fikrindədirlər və həmin hərbi təlimlərdə amerikalıların bir niyyətləri də budur. Yəni, rusların da bölgədən uzaqlaşdırılması amerikalıların planlarının daha bir istiqamətidir və görünür, haylar da bu planın gerçəkləşməsində öz töhfələrini verməkdən çəkinmək istəmirlər. Hər halda, rusları da qızışdıran, məsələn, Mariya Zaxarovanın timsalında Rusiya rəsminlərini bununla bağlı müvafiq bəyanatlar verməyə vadar edən də budur. Amma nə rəsmi Vaşinqton, nə də İrəvan buna məhəl qoymaq niyyətində görünmür və bu vəziyyət getdikcə diqqəti daha da çox cəlb etməyə başlayır, daha təhlükəli şəraitə zəmin yaradır.