Yaxşılıq et - YENİ ŞEİRLƏR

17 İyul 2024 18:02 (UTC+04:00)

AYTƏKİN MEHMANQIZI

Həzrəti Yusif

Yusifə xəyanət edən qardaşlar,

Sonunda Yusifə möhtac oldular,

Quyuda sığındı Yusif Allaha,

Sonunda çevrildi Misirdə şaha.

Yusifi quyudan çıxaran Allah,

Bizi də çıxarar bir gün inşAllah.

Yetər ki, quyuda bizdə Yusif tək

O gözəl Tanrıya sıxınaq gərək.

Peyğəmbər əhlinə xəyanət edən,

Xəyanət etməsin bizlərə nədən?

Qurbanı olmuşdu o xəyanətin,

Keçirmiş zindanda gözəl illərin.

Padşah kürsüsünə çıxan peyğəmbər,

Zülmlər çəkmişdir şahlığa qədər.

Allahı sevmişdir yalnız Yusifi,

Yusif buraxmamış heç yerdə səhvi.

Həyat məktəbi

Həyat özü elə böyük məktəbdir,

Ən gözəl dərsləri o keçəcəkdir.

Həyatdan dərs alan kamil bir insan,

Çox bilər adi bir təhsil alandan.

Vicdan əzabı

Vicdan əzabıdır öldürən məni,

Şəhid sözünü mən eşidən zaman.

Haqqı ödənməzdir hər bir şəhidin,

Sinəmi nisgillər yandırır yaman.

Qisas haqqda hərdən düşünürəm mən,

Əl saxla, tələsmə söyləyir Vətən!

Hər bir şəhidinin qisasını mən,

Zamanla alacam deyir ürəkdən…

Deməyin pula siz əl çirki heç vaxt

Deməyin pula siz əl çirki heç vaxt,

Parasız qoymasın heç kəsi Allah.

Hər şey olmasa da, çox şeydir para,

İnsanın üzünü etməyər qara.

Paradır insanın üzün ağardan,

Para ilə qara da seçilmir ağdan.

Qatığa qara desə, parası olan,

Deyərlər qaradır, qatıq doğrudan.

Qurbağa və əqrəb

(Rəvayətə əsasən yazılmış şeirim)

Bir dəfə kiçik əqrəb qurbağaya söyləyir:

-O biri sahilə məni özün ilə sən keçir.

Kömək edib qurbağa inanaraq əqrəbə,

Özü ilə keçirir əqrəbi də sahilə.

Əqrəb gəlib sahilə, çatır qurbağa ilə,

Sancır qurbağanı o, zəhərli dişləri ilə.

Dözməyərək ağrıya, soruşur tez qurbağa:

-Axı səbəb nə idi məni belə sancmağa?

Sənə heç bir pisliyi etməmişəm axı mən!?

Düşünməzdim sancarsan məni belə qəflətən.

Qurbağaya cavabı əqrəb belə söyləyir:

-Təbiətim belədir, zəhərliyəm mən deyir.

Bilməliydin əzəldən kimlə çıxırsan yola,

Zəhərli bir əqrəbdən sənə necə dost ola?

Yaxşılıq et

Əzizinəm birdə gəl,

Bu dünyaya birdə gəl.

Dünya fani dünyadır,

Yaxşılıqçün birdə gəl.

Əzizinəm əldən tut,

Yaxşılıq et, əldən tut.

Pulun olmasa belə,

Şirin sözlə əldən tut.

Əzizinəm ver içsin,

Doldur suyu ver içsin.

Yananın əlindən tut,

Sudan bol ver qoy içsin.

Bol ver sudan qoy içsin.

Kasıblıq eyib deyil

Kasıblıq deyildir eyib heç zaman,

Yetər ki, şərəfsiz olmasın insan.

Vicdanı heç yerdə pula satmayan,

Üzü ağ köçəcək bir gün dünyadan.

Belə daha yaxşıdır

Yol səni yormayırsa,

Yol yoldaşın yaxşıdır,

Səni anan yoxdursa,

Sussan daha yaxşıdır.

Cahil dostun olunca,

Dostsuz olmaq yaxşıdır.

Pislə yaşamaqdansa,

Tənha qalmaq yaxşıdır.

Ümidini itirmə

(Kiçikşeirlərim)

Hər nəyi itirsəndə ümidini itirmə,

Nədən əlçəksən belə, öz Tanrından əl çəkmə.

Tanrı sənin əzizin, gözünün nuru olsun

Qoy həmişə hər yerdəTanrı səni qorusun.

Dostluq mərdlik istər

Nankor satqın olur əvvəlcədən bil,

Nankordan dost olmaz bu mümkün deyil.

Nə paxıl, nə xəsis, nə də namərddən

Sənə dost olmayar bil ki, əzəldən

Dostluq mərdlik istər, sədaqət istər,

Əgər bunlar yoxsa dostluq da bitər.

Dostluğu yalan da pozacaq inan,

Söyləmə dosta gəl heç zaman yalan.

Dost dostun qədrini öz dərdi bilsə,

Onları ayırmaz heç vaxt heç kimsə.

Yaxşılar çox tez gedir

Dünya dolur-boşalır,

Yaxşıları aparır…

Yamanı torpaq neynir?

Yaxşını tez aparır…

Mərhəməti yoxdurmu,

Görən qoca dünyanın?

Yaxşıların əlindən,

Almasın tez zamanın.

Hələ neçə işləri,

Görə bilərdi onlar.

Hələ gör neçə-neçə,

Edərdi yaxşılıqlar.

Torpaq, hələ tələsmə,

Yaxşını aparmağa.

Neçə məzlum əlindən,

Onları qoparmağa.

Üzülmə heç nəyə

Qoy səni üzməsin nə qəm, nə kədər,

Hər yerdə yazı yaz bunlar da keçər.

Sağlam canın varsa həyatda sənin,

Xoşbəxt bəndəsisən sən İlahinin.

Başqa nə vardırsa bu həyatda bil,

Dünyanın malıdır sənin deyildir.

Qocalırıq yavaş-yavaş

Yaş üstünə gəldikcə yaş,

Qocalırıq yavaş-yavaş.

Aylar ötür, illər keçir,

Qocalıqdan xəbər verir.

Qocalmayıb yalnız ürək,

Yenə tez-tez döyünərək,

Deyir yaşa, yaşa hələ,

Adını yaz yüksəklərə!

Vaxtına var hələ sənin,

Ürəyində var sözlərin.

Səbirli ol həyatda sən,

Səbir ilə yüksələrsən.

Yaşa, yarat şeirlərin,

Ünvanıdır könüllərin...

Ürək dağı

(Qarabağ müharibəsi zamanı ürək ağrı ilə şəhidlərə yazdığım şeirim)

Yenə şəhidin var canım Vətənim,

Gözlərim yaş ilə yenə dolubdur.

Canından yenə can ayrılır sənin,

Yenə hansı balan şəhid olubdur?

Ayrılır canından yenə də bir can,

Şəhidlər yurdusan can Azərbaycan!

Dəyişdi zəmanə

Bir vaxt alçaq idi, kiçikdi evlər,

Oradan gələrdi çox şən gülüşlər.

Zəmanə dəyişdi, evlər böyüdü,

Sevinclər azaldı, gülüşlər öldü...

Fırlandı zəmanə, dövr etdi dövran,

Zəmanə dəyişdi, dəyişdi insan.

Soyuqluq məhv edir hər kəsi indi,

İsti qəlblər üçün zaman çətindir.

Bakı şəhəri,

2024-cü il