“ABŞ kimi nəhəng bir dövlətin Ermənistana təsirləri öz effektini göstərir“ - ŞƏRH EDİLDİ

17 İyul 2024 16:54 (UTC+04:00)

“Keçirilən hərbi təlimlərin arxasında duran məqsəd ABŞ-ın Ermənistan ordusunu bacarıq, imkan və taktiki baxımdan hazırlamaqdan ibarətdir. Çünki onlar gizlətmirlər ki, Ermənistan ordusuna böyük diqqət göstərir, təlimçi və instukturlarla köməklik göstərməyə cəhd edirlər. ABŞ-nin fəallığı nəticəsində Fransa və digər ölkələr Ermənistana hərbi yardım göndərirlər. Onlar Ermənistan ordusunun potensial döyüş qabiliyyətini artırmaq əvəzində hər hansı bir gərginlik yarandığı təqdirdə bu ərazidən istifadə etmək niyyəti güdürlər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, burada Rusiya və ya İran amili olsa da, ABŞ bu amillərə məhəl qoymur: “Çünki bütün post-sovet məkanlarında onların strateji maraqları var. Onların planları şərqə doğru hərəkət etməkdir. ABŞ və Gürcüstan arasında vəziyyətin gərginləşib. Buna görə də ABŞ çalışacaq ki, Ermənistan plazdarnından maksimal dərəcədə istifadə etsinlər. Əlbəttə ki, bu büten bölgə ölkələri üçün bir növ təhdiddir. Çünki Ermənistan özbaşına dövlət, öz suveren hüquqlarını layiqincə həyata keçirə bilməyən bir məmləkətdir”.

“Ona görə də ABŞ kimi nəhəng bir dövlətin Ermənistana təpkisi, təzyiqi və təsirləri öz effektini istər-istəməz göstərir. Düşünürəm ki, bütün bölgə dövlətləri gərək bu vəziyyətdən lazımı nəticəni çıxarsınlar. Əgər Ermənistan bilərəkdən Qərb dövlətlərinə ərazisində möhkəmlənmək imkanı verirsə, deməli onunla bağlı heç bir güzəştə getmək olmaz”,- deyə o əlavə edib.

Ləman Sərraf