“İran TDT-yə üzv olmaq istəyərsə, ölkəsində yaşayan türklərin milli kimliyini rəsmiləşdirməlidir” - ŞƏRH OLUNDU

17 İyul 2024 16:22 (UTC+04:00)

“İran regionun çox mühüm ölkəsidir. Azərbaycan daim İranla münasibətlərin ən yüksək səviyyədə olmasında maraqlıdır. Nəticə etibarilə İran, həm də soydaşlarımızın vətənidir. Buna görə də Azərbaycan İrana qarşı mövqeyində hər zaman ardıcıl və prinsipial mövqedən çıxış edir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, Azərbaycan İran-Azərbaycan münasibətlərinin daha da dərinləşməsi, inteqrasiya olunması üçün əlindən gələni edir: “TDT türkdilli dövlətlərin əməkdaşlıq şurasının varisidir və 2021-ci ilə qədər bu təşkilat Türk Şurası adlandırılırdı. Göründüyü kimi TDT-nin təməlində dil birliyi dayanır. Bu səbəbdən də İranda növbəti mərhələdə islahatlar aparılarsa, türk dili İranda rəsmi dövlət dillərindən birinə çevrilərsə bu zaman əlbəttə TDT-nin əsasnaməsində göstərilən dil birliyinə uyğun olaraq İranın TDT-yə üzvlüyü məsələsi izah edilə bilər. Amma hazırki mərhələdə bu çox çətindir. İran TDT-yə üzv olmaq istəyərsə, ilk növbədə ölkəsində yaşayan türklərin milli kimliyini rəsmiləşdirməlidir”.