Rusiyalı professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub

17 İyul 2024 14:52 (UTC+04:00)

Moskva Dövlət Pedaqoji Universitetinin professoru Lyudmila Bojenkova Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub. Muzeydən SİA-ya bildirilib ki, 200-dən artıq nəşrin, o cümlədən 4 monoqrafiya, 45 dərslik və 10 metodik vəsaitin müəllifi olan Lyudmila Bojenkova ölkəmizə ilk dəfə səfərə gəlib.

Rusiyalı professoru Ədəbiyyat Muzeyi ilə Ekspozisiya şöbəsinin elmi işçisi Aygün Abbasquliyeva tanış edib.

Muzeyin ekspozisiyasını maraqla seyr edən qonaq dahi şair Nizami Gəncəviyə həsr olunmuş ekspozisiyaya heyranlığını gizlədə bilməyib. Həmçinin Nizami Gəncəvinin 800 illik yubileyi ilə əlaqədar rəssam Vaqif Hüseynovun çəkdiyi və mühüm tarixi hadisəni əks etdirən “Ermitaj. 1941-ci il. Nizami yubileyi” tablosu Lyudmila Bojenkovanın diqqətini çəkib. Bundan başqa, Mirzə Fətəli Axundzadənin rus şairi Aleksandr Puşkinin irsinə böyük rəğbətdən yaranmış “Puşkinin ölümünə Şərq poeması” onun marağına səbəb olub.

Lyudmila Bojenkova Mixail Lermontovun Puşkinə həsr etdiyi “Şairin ölümünə” şeirini bildiyini qeyd edib və müqayisələr aparıb. Eləcə də Azərbaycanın müxtəlif dövrlərdə yaşamış qadın şairlərin həyat və yaradıcılığı ziyarətçidə xoş təəssürat yaradıb.

Sonda rusiyalı qonaq muzeyin “Rəy kitabı”na ürək sözlərini yazıb.