MDB PA Azərbaycanda seçkiləri izləmək üçün müşahidəçilər missiyası formalaşdırmağa başlayıb

17 İyul 2024 14:51 (UTC+04:00)

MDB Parlamentlərarası Assambleyası (MDB PA) 2024-cü il sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkiləri izləmək üçün müşahidəçilər qrupu formalaşdırır. SİA-nın məlumatına görə, Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin MDB PA-dan olan müşahidəçilər qrupunun koordinatoru təyin edilib.

“Hazırda MDB PA-ya üzv dövlətlərin parlamentlərinin nümayəndələrindən, Assambleyanın rəsmilərindən və MDB PA-nın Demokratiyanın İnkişafının Monitorinqi Beynəlxalq İnstitutunun ekspertlərindən müşahidəçilər qrupu yaradılır”, - mətbuat xidmətindən bildirilib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Dövlət başçısının sərəncamına əsasən, seçkilər 2024-cü il sentyabrın 1-də keçiriləcək.