“Konstitusiyamızın 7-ci maddəsinə əsasən, Azərbaycan Respublikası hüquqi dövlətdir və hüquqi dövlətin təməl prinsiplərinə uyğun olaraq hakimiyyətlərin bölünməsi prinsipləri əsasında dövlət hakimiyyəti təşkil edilir. Bu bölgü ilə qanunverici hakimiyyəti Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir. Bu mənada parlament seçkiləri Azərbaycan üçün prinsipial əhəmiyyətə malikdir və bu prosesin uğurla reallaşması əsas hədəflərimizdən biridir. Bildiyiniz kimi, Azərbaycanın Vətən müharibəsindəki qələbəsi və işğala, separatizmə son qoyması ilə regionda tamamilə yeni geosiyasi reallıq yaranmış, Azərbaycan üçün yeni inkişaf mərhələsinin əsası qoyulmuşdur”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
Onun sözlərinə görə, siyasi sistemi yeni dövrə uyğunlaşdırılması üçün artıq çox ciddi proseslərə start verilmiş, möhtərəm cənab Prezidentin iradəsi ilə növbədənkənar prezident seçkiləri keçirilmiş, hazırda isə Azərbaycan xalqı parlament seçkilərinə hazırlaşır: “Bildiyiniz kimi, bu dəfəki parlament seçkiləri Azərbaycan tarixində bir ilkdir. Məlumdur ki, Ermənistan və havadarlarının 30 ilə yaxın işğal altında saxlamaq səbəbi ilə Qarabağ və Şərqi Zəngəzurun həmin bölgələrində fiziki olaraq seçkilər baş tutmamışdı. Bu il isə ilk dəfə olaraq Azərbaycan vətəndaşları bütün ölkə ərazisində, o cümlədən Qarabağ və Şərqi Zəngəzurun hər bir istiqamətində aktiv və passiv seçki hüququndan istifadə edəcək, Xankəndi, Şuşa, Laçın, Zəngilan və Füzulidə seçki məntəqələri qurulacaq. Əlbəttə ki, qeyd olunanlara əsaslanaraq əminliklə demək olar ki, 1 sentyabr parlament seçkiləri həm də Azərbaycan dövlətinin qüdrətinin, suveren gücünün təntənəsidir”.
Ləman Sərraf