"Təəssüflər olsun ki, müasir dövrümüzün pis tendensiyalarından biri də boşanmalar məsələsi, ümumiyyətlə, ailə institutunun dağıdılması məsələsidir". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan filosofu, pedaqoq, fəlsəfə üzrə fəlsəfə doktoru, sosioloq Mail Yaqub deyib.
O bildirib ki, hələ müsəlman Türkiyənin bir çox seriallarında olan faktlara, xəyanət hadisələrinin bədii təsvirinə baxın: "Dəhşətdir, biabırçılıqdır. Ailə institutu sanki qəsdən dağıdılır. Mən belə düşünürəm ki, bu, böyük güclər tərəfindən idarə edilən prosesdir. Vaxtilə Latın Amerikasında bu çirkin planı həyata keçirdilər. Mənə görə ABŞ həyata keçirdi və orada ailə institutunu məhv etdilər. Avropada bu planı həyata keçirdilər. Bu gün Avropanın vəziyyəti acınacaqlıdır. Ailə institutları dağılıb, artım yoxdur. Bu, qəsdən törədilmiş qlobal bir tendensiyadır. Müəyyən güclər tərəfindən təqibləri sıradan çıxarmaq üçündür.
Bir cəmiyyətdə ailə yoxdursa, o cəmiyyətdə inkişaf yoxdur, artım olmayacaq, azalma baş verəcək və nəticədə geriləmə, tənəzzül olacaq.
Azərbaycanda da, təəssüflər olsun ki, xüsusilə də son illərdə boşanmaların sayı çoxalıb. Bunun bir çox səbəbləri var. Bəzən sosial səbəblər, bəzən mənəvi-psixoloji səbəblərdir. Sosial səbəblər dedikdə yəni maddi sıxıntılar nəzərdə tutulur. Məsələn, xanım həyat yoldaşının gəlirləri ilə razılaşmır, daha firavan həyat istəyir, boşanır. Yaxud da, xanım və ya bəy xəyanət edir. Səbəblər çoxdur.
Nə etməli? Bununla müxtəlif vasitələrlə mübarizə aparmaq lazımdır. Sosial, iqtisadi problemlər həll edilməlidir, əgər ailə institutunu saxlamaq istəyiriksə. Əminəm ki, Azərbaycan dövləti bunu istəyir. Bu qlobal tendensiyanın qarşısında davam gətirmək üçün çox güclü olmalıyıq. Birinci, iqtisadi məsələləri düzəltməli, sosial problemləri həll etməli, ikinci, ailələrlə mənəvi-psixoloji iş aparmaq lazımdır".