"Onlar heç bir şəkildə sülhdə maraqlı ola bilməzlər" - MÜNASİBƏT BİLDİRİLDİ

17 İyul 2024 14:11 (UTC+04:00)

"Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasında ən böyük əngəl Ermənistanın özüdür". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

O bildirib ki, bu ölkənin müstəqil qərar qəbul edə və addımlar ata bilməməsi, Ermənistan hakimiyyətinin ölkənin maraqlarından deyil, ayrı-ayrı dövlətlərin maraqlarından çıxış etməsi nəticə etibarilə sülh sazişinin imzalanmasını gecikdirir. Məsələ burasındadır ki, dünyanın bir sıra aparıcı gücləri hələ də Azərbaycanla Ermənistan arasında gərgin münasibətlərə özlərinin Cənubi Qafqaz maraqlarını təmin etmək üçün real imkan olaraq baxırlar. Belə olan halda təbii ki, onlar heç bir şəkildə sülhdə maraqlı ola bilməzlər.

Məsələn Fransa bütün imkanları ilə Ermənistanı silahlandırmağa davam etməklə faktiki olaraq həm revanşist düşüncəni dəstəkləyir, həm də baş verə biləcək yeni hərbi qarşıdurma fonunda Ermənistanın təhlükəsizliyi adı altında regiona soxulmağa cəhdlər edir. Eyni şəkildə Rusiya da Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasına özünün region üzərində təsir imkanlarını itirmək kimi baxdığından sülhdə maraqlı deyil.

ABŞ isə hər nə qədər Rusiyanın regiondan sıxışdırılıb çıxarılmasını və özünün Cənubi Qafqaz maraqlarını təmin etmək üçün sülh sazişinin imzalanmasını dərk etsə də, bir tərəfdən də ayrı-ayrı qurumlar və təşkilatlar vasitəsilə Ermənistana açıq dəstəyini nümayiş etdirərək anti-Azərbaycan mövqeyi sərgiləməkdə davam edir. ABŞ rəsmilərinin bir-birinin ardınca Ermənistana rəsmi səfərləri, maddi dəstəyin verilməsi, birgə hərbi təlimlər bunun bariz sübutudur. Yəni Birləşmiş Ştatlar Ermənistanı öz təsir dairəsinə salmaq üçün həm də bu ölkə haqda Avropa dövləti rəyi yaratmağa söy göstərilir. Ancaq ABŞ bununla da yetinməyərək Ermənistanda hərtərəfli oturuşmağa çalışır".

"ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) rəhbəri, Samanta Pauerin Ermənistana müntəzəm səfərləri də bunu açıq şəkildə sübut edir. Öz anti-Azərbaycan və anti-Türk mövqeyi ilə tanınan, Azərbaycanla Türkiyəni “vəhşi” adlandıran, qondarma soyqırımın tanınacağı günü özünün ikinci ad günü elan edəcəyini bildirən Pauerin müntəzəm Ermənistan səfərlərinin təbii ki, sülhə hər hansı bir töhfə verməsi mümkün deyil. Pauerin Ermənstanda guya demokratik bir inkişaf olduğu görüntüsünü yaratmaq cəhdi şübhəsiz ki, ABŞ-ın ümumi siyasətinin tərkib hissəsidir.

USAİD rəhbəri öz açıqlamalarında demək olar ki, mütəmadi olaraq “Qarabağdan olan məcburi miqrantlara” dəstək verəcəyi ilə bağlı pafoslu mövqe ortaya qoyur. Bu da təsadüfi deyil. Bununla o, Qarabağ erməniləri məsələsini gündəmdə saxlamağa çalışır və Ermənistanda ictimai rəyi manipulyasiya etməklə Bakı və İrəvan arasında ümidlərin artdığı sülh prosesini pozmağa çalışır. USAİD-nin ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi isə sıx əlaqəli bir təşkilat olduğunu nəzərə alaraq deyə bilərik ki, ABŞ-ın özündə də Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasının vacibliyi ilə bağlı yekdil bir fikir yoxdur.

Amma bütün bu oyunlara və yarı-ayrı güclərin öz maraqlarını təmin etmək üçün sülhə əngəl olmasına baxmayaraq Ermənistanın Azərbaycanın şərtləri daxilində sülh sazişi imzalamaqdan başqa yolu yoxdur. Və onlar bunu nəqədər tez dərk etsələr, bu onların xeyrinə olar" - deyə o, əlavə edib.