İyulun 17-si saat 11:00-a olan məlumata əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına 17 min 264 uşaq elektron qeydiyyatdan keçib. İdarədən SİA-ya bildirilib ki, valideynlər (digər qanuni nümayəndələr) mektebeqebul.edu.az elektron sistemi vasitəsilə özünün və övladının şəxsiyyət vəsiqəsi əsasında qeydiyyatdan keçə bilərlər.
Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi iyulun 16-sı saat 11:00-dan etibarən aktiv olub. Digər dillərdə tədris aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə iyulun 18-i saat 11:00-da aktiv ediləcək.
Qeyd edək ki, məktəbəhazırlıq qruplarına cari ildə 5 yaşı tamam olan uşaqlar (2019-cu il təvəllüdlü) qəbul edilirlər.
Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.