NATO-nun yaranmasının 75-ci ildönümü münasibətilə Vaşinqtonda keçirilən 2024-cü il Sammiti dünya gündəminin diqqət mərkəzində olub. İyulun 9-11-də keçirilən bu sammit üzv ölkələrin liderlərini bir araya gəlib və bir sıra strateji qərarların və öhdəliklərin qəbul olunduğu platforma yaradıb. Sammitdən sonra dərc edilən 38 maddəlik bəyannamədə NATO-nun gələcək baxışını formalaşdıracaq mühüm addımlar yer alıb. Beləliklə 2024-cü ildə Vaşinqtonda keçirilən sammit NATO-nun qarşıdakı illərdə üzləşə biləcəyi təhlükəsizlik təhdidlərinə qarşı necə hazırlıq gördüyünü və alyans daxilində əməkdaşlığın gücləndirilməsini müzakirə etmək imkanı verib.
2024-cü il Sammitinə qatılan liderlər Ukraynadakı təhlükəsizlik vəziyyəti, Rusiyanın regional təsirləri, terrorla mübarizə və müdafiə sahəsində yeni texnologiyaların rolu kimi məsələlərin müzakirəsi üçün zəmin yaradıb. Sammit öncəsi keçirilən mətbuat konfranslarında və verilən açıqlamalarda NATO-nun qarşıdakı dövrdə strateji prioritetləri və üzv ölkələr arasında əməkdaşlığın artırılması istiqamətində atılacaq addımlar barədə də ipucları verilmişdi.
NATO Sammitinin mərkəzində Rusiyanın Ukraynaya hücumu və regional sabitliyə mənfi təsirləri dayanıb. Sammitin Bəyannaməsində Rusiyanın NATO ölkələrinə qarşı təhlükəsizlik təhdidləri və NATO-nun onlara qarşı strateji yanaşması ətraflı müzakirə olunub. Xüsusilə Rusiyanın Ukraynadakı hərbi varlığı və buna qarşı alınacaq tədbirlərlə bağlı qətiyyətli mövqe nümayiş etdirilib. Beləliklə Sammit Bəyannaməsinin ən mühüm mövzularından biri Ukraynaya uzunmüddətli təhlükəsizlik yardımı öhdəliyi olub. Eyni zamanda NATO-ya üzv dövlətlər Ukraynanın müdafiə qabiliyyətini artırmaq və regionda sabitliyi təmin etmək üçün müxtəlif dəstək və öhdəliklər təklif ediblər. Bu kontekstdə NATO-nun Ukraynaya verəcəyi maliyyə dəstəyi, hərbi təlim, müdafiə sistemləri və təhlükəsizlik sahəsində əməkdaşlıq mühüm yer tutub.
Müdafiə xərclərinin artırılması və kollektiv müdafiə potensialının gücləndirilməsi də NATO Sammitində prioritet məsələlər sırasında idi. Üzv dövlətlər NATO-nun müdafiə qabiliyyətini necə gücləndirə biləcəyini müzakirə edərək, müdafiə xərclərini 2%-ə qədər artırmağı vəd ediblər. Bundan əlavə, Şərq cəbhəsində döyüşə hazır qüvvələrin yerləşdirilməsi və yeni müdafiə planlarının yaradılması kimi addımlar da qərara alınıb. Bəyannamədə həmçinin NATO-nun inteqrasiya olunmuş hava və raket əleyhinə müdafiə siyasətinin yenilənməsi və regionda ballistik raket təhdidlərinə qarşı necə tədbir görülməsi müzakirə edilib. Xüsusilə Polşa, Rumıniya, İspaniya və Türkiyədə mövcud sistemlərin gücləndirilməsi və yeni texnologiyalara uyğunlaşdırılması məsələləri mühüm yer tutub. Həmçinin NATO-nun dünya üzrə qlobal əlaqələri müzakirə edilib, strateji tərəfdaşlığın əhəmiyyəti vurğulanıb. Xüsusilə Aİ ilə əməkdaşlıq, digər beynəlxalq təşkilatlarla əlaqələr və ümumi maraqlara əsaslanan strateji əməkdaşlıq mühüm gündəm məsələsinə çevrilib. Sammitin Bəyannaməsində həmçinin NATO-nun cənub qonşuları ilə münasibətləri necə gücləndirmək və ümumi təhlükəsizlik məqsədlərinə töhfə vermək müzakirə olunub.