Dövlət başçısı İlham Əliyev bu günlərdə Pakistana dövlət səfəri etdi. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında dövlət başçısı İlham Əliyev səfərin əhəmiyyətini belə xarakterizə etdi: “Sizin gözəl ölkənizdə yenidən səfərdə olmaq böyük şərəfdir. Biz görüşəndə əziz qardaşımdan xahiş etdiyim ilk məsələlərdən biri salamlarımı və hörmətimi mənim çox hörmət etdiyim və 7 il əvvəl burada - bu binada görüşdüyüm qardaşım, Baş nazir Nəvaz Şərifə çatdırmaq oldu. İndi isə mən böyük qardaşımıza hörmətimi kameralar qarşısında ifadə etmək istəyirəm. Mənim Pakistana 7 ildən sonra qardaşımın qardaşı Baş nazir olduğu zaman səfər etməyim rəmzi məna kəsb edir.”
Reallıq budur ki, Azərbaycan-Pakistan əlaqələrinin zəngin tarixi vardır. Pakistan Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanla diplomatik münasibətlər qurmayan ölkədir. Azərbaycan dövləti bunu daim yüksək dəyərləndirib. Ölkəmiz də öz növbəsində, hər zaman Kəşmir daxil olmaqla, bütün digər məsələlərdə Pakistanı dəstəkləyir. Onu da qeyd edək ki, Pakistan Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biri olub. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il iyununda qurulub. Həmin dövrdən sonra iki ölkə arasında əlaqələr daim inkişaf etdirilib və bugünkü strateji müttəfiqlik səviyyəsinə yüksəlib. 1993-cü ilin martında Pakistanın Bakıda, 1997-ci ilin avqustunda isə Azərbaycanın İslamabadda səfirlikləri təsis edilib.
Ölkələrimiz müvafiq beynəlxalq təşkilatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiya Parlament Assambleyası, habelə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Konfrans çərçivəsində də uğurla əməkdaşlıq edir, bir-birilərinə dəstək verir. Cari ilin iyununda Nyu-Yorkda keçirilmiş BMT-nin İqtisadi və Sosial Şurasının 2025-2027-ci illər üzrə üzvlüyünə seçkilərdə Azərbaycanın namizədliyi, 2023-cü ildə Daşkənddə keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 26-cı iclasında Şuşa şəhərinin 2026-cı ildə İƏT-in Turizm paytaxtı elan edilməsi üçün irəli sürülmüş təşəbbüs, ötən il BMT-nin İnsan Hüquqları Şurasının 54-cü sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan tərəfindən irəli sürülmüş və yüzdən çox ölkənin həmmüəllif olaraq qoşulduğu inkişaf hüququ üzrə qəbul olunmuş qətnamə Pakistan tərəfindən dəstəklənib. Azərbaycan da Pakistanın BMT Təhlükəsizlik Şurasının 2025-2026-cı illər üçün qeyri-daimi üzvlüyünə namizədliyinə tam dəstək verib. Həmçinin Pakistan Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi status alması üçün müraciətini dəstəkləyir.
Son illərdə iki ölkə liderləri arasında təmaslar daha da intensivləşib. Belə ki, həm Azərbaycanın ev sahibliyi etdiyi, həm də qatıldığı beynəlxalq tədbirlərdə iki ölkənin liderləri mütəmadi olaraq görüşürlər. Qeyd etməliyik ki, Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının son iki Sammitində Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şəriflə görüşüb. Bundan əlavə, ötən ilin iyununda Pakistanın Baş naziri Azərbaycanda səfərdə oldu. Bu günlərdə Astanada keçirilən “ŞƏT plyus” formatında görüş çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə təşkil olunan üçtərəfli görüşün əhəmiyyəti bu gün də geniş təhlil olunmaqdadır. Görüşdə iqtisadiyyat, ticarət və digər sahələrdə əməkdaşlıqla yanaşı, “Üç qardaş” şüarı altında keçirilən hərbi təlimlərin əhəmiyyətinin vurğulanması və üç ölkənin Silahlı Qüvvələri tərəfindən birgə təlimlərin bundan sonra da mütəmadi qaydada keçirilməsi təklifinin irəli sürülməsi, müdafiə sənayesi sahəsində birgə istehsalın təşkili məsələsinin gündəmə gətirilməsi üç ölkə arasında hərbi-siyasi sahədə əlaqələrin bundan sonra daha da dərinləşəcəyini deməyə imkan verir.
Dövlət başçısı İlham Əliyev dövlətimiz və xalqımız tərəfindən daim yüksək dəyərləndirilən bu reallığı da xüsusi qeyd etdi ki, işğal dövründə Pakistan hər zaman yanımızda olan bir sıra ölkələrdən biri olmuşdur. İkinci Qarabağ müharibəsi zamanı siyasi dəstək və Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Pakistanın yüksəkrütbəli rəsmilərinin birmənalı bəyanatları bizə əlavə güc-qüvvət verdi. 2020-ci ilin noyabrında Qələbəmizi qeyd etdiyimiz zaman xalqımızın əllərində Azərbaycan, Pakistan və Türkiyənin bayraqları var idi. Bu, bizim münasibətlərimizi unikal edir. Bu gün praktiki layihələrlə bağlı bu münasibətləri hiss etmək üçün müzakirə etdiklərimiz bu bünövrəyə əsaslanır.
Səfər çərçivəsində keçirilən görüşlərdə iki qardaş ölkənin ayrı-ayrı sahələrdə qazandığı uğurlar fonunda münasibətlərin inkişafı üçün yaradılan möhkəm zəmin bir daha diqqətə çatdırılaraq hədəflər müəyyənləşdirildi. Bu hədəflər bütün sahələrin kompleks şəkildə inkişafına xidmət edir. Azərbaycanın enerji sektorunda qazandığı uğurlar dost ölkənin də diqqətindədir. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin dünyanın enerji təhlükəsizliyinə verdiyi töhfələr Pakistan rəsmiləri tərəfindən böyük rəğbət hissi ilə vurğulanır. İki ölkə arasında digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanların mövcudluğu xüsusi qeyd edildi. Nəqliyyat, təhsil sahəsində əlaqələrin genişləndirilməsinin vacibliyi önə çəkildi.
Ümumilikdə hər bir səfər münasibətlərin inkişafında yeni bir mərhələnin başlanğıcıdır. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif səfəri qardaşlıq əlaqələrimizdə həlledici məqam kimi dəyərləndirdi.
Həbib Cəfərov
YAP Astara rayon təşkilatının sədri