Gizli səsyazma qadağandırsa, necə sübut ola bilər? - MÜNASİBƏT BİLDİRİLDİ

17 İyul 2024 09:11 (UTC+04:00)

"Gizli səs yazılması və ya video çəkilməsi ilə bağlı məsələlər “Əməliyyat axtarış fəaliyyəti haqqında” qanunla tənzimlənir və əməliyyat-istintaq orqanlarının səlahiyyətinə aid məsələdir". Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Xanlar Sətullayev deyib.

O bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə əsasən, hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır: "Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.

Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. Yalnız əməliyyat-axtarış fəaliyyətinin subyektləri “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunun 10-cu maddəsinə görə məhkəmə qərarı əsasında telefon danışıqlarına qulaqasma, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması, insanların güdülməsi, əşya və sənədlərin tədqiqi kimi əməliyyat-axtarış tədbirləri tətbiq edə bilərlər. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunla müvəkkil edilməmiş fiziki və hüquqi şəxslər tərəfindən əməliyyat-axtarış tədbirlərinin aparılması, habelə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən (yəni əməliyyat-axtarış tədbirləri çərçivəsində informasiyanın gizli yolla əldə olunması məqsədilə xüsusi olaraq yaradılmış, işlənib hazırlanmış, istehsal olunmuş, proqramlaşdırılmış, təkmilləşdirilmiş avadanlıqlar, cihazlar, qurğular, ləvazimatlar və digər texniki vasitələr) istifadə olunması qadağandır".

Lakin biz son illərdə adi vətəndaşların da müxtəlif proqramlar və texniki vasitələrdən istifadə etməklə bir-birinin səsini yazmasının və videosunu çəkməsinin şahidi oluruq. Bəs bu səs və video yazıları hansı halda sübut kimi qiymətləndirilə bilər?

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir"

"Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarına əsasən, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur.

Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır.

Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Vətəndaşlara aydın olsun deyə, konkret deyə bilərik ki, gizli yolla əldə olunmuş səs yazısı məsələn, hansısa borcla bağlı mübahisənin tərəfləri arasında sırf həmin mübahisəyə dair həqiqətin üzə çıxarılmasına kömək edəcəksə sübut kimi qiymətləndirilə bilər. Bu zaman gizli səs yazmış şəxs heç bir məsuliyyət daşımır, çünki burada qarşı tərəfin şəxsi həyat sirri deyil, borc öhdəlikləri ilə bağlı məsələ əhəmiyyətlidir. Həmçinin səsi yazan şəxs həm də mübahisənin tərəfi olduğuna görə öz həyatına aid bir məqamı qeydə almış olur və bu da tərəfin əməlinin qanunsuz hərəkət sayılmasını istisna edir" - deyə o, əlavə edib.