"Sülhə mane olan yeganə amil erməni idarəçiliyinin tarix boyu asılı olmasıdır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

16 İyul 2024 17:33 (UTC+04:00)

"Əslində, Ermənistan və Azərbaycan arasında sülhə maneə olan yeganə amil erməni idarəçilliyinin tarix boyu asılı olmasıdır". Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

O bildirib ki, tarixin müxtəlif mərhələlərində başqa – başqa dövlətlərin regionda olan maraqlarına görə Ermənistandan istifadə etmələri adət halına gəlib: "Bu yenilənən maraqlardan və rəhbərlərdən asılı olaraq dəyişsə də, yenə də Ermənistanın regionda sabitliyə olan zərəridir. Əgər vaxtilə Rusiya idisə, bu qüvvə bu gün Qərb, sabah da başqa bir güc olacaq. Beləliklə regionda uzun illərdir davam edən gərginlik sülhlə yekunlaşa bilmir.

Amma hazırda iki ölkə arasında sülhə doğru ciddi addımlar atılır. Buna misal elə prosesdə ən çox əngəl kimi görülən Ermənistan Konstitusiyasıdır. Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin “xalq tərəfindən hazırlanacaq” yeni konstitusiyaya ehtiyacı olduğunu bildirib. O bu barədə Ermənistanın Konstitusiya Günü ilə bağlı müraciətində demişdi. Bildiyiniz kimi Ermənistan Konstitusiyasında Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı müddəanın da yer aldığı Müstəqillik Bəyannaməsinə istinad var. Ermənistanda bir neçə dəfə Konstitusiya dəyişikliyi olsa da, Qarabağın Ermənistana birləşdirilməsi müddəasının yer aldığı Müstəqillik Bəyannamasinə istinad edilən maddələr dəyişdirilməyib.

Hətta Nikol Paşinyan bu ilin fevral ayının əvvəlində Ermənistan ictimai radiosunda çıxışı zamanı Müstəqillik Bəyannaməsini tənqid etmişdi. Baş nazir qeyd edib ki, “Əgər Ermənistanın dövlət siyasəti Müstəqillik Bəyannaməsinə, Qarabağın Ermənistana birləşdirilməsinə əsaslanırsa, bizdə müharibə olacaq və heç vaxt sülh olmayacaq”.

Amma sabit siyasət yürüdə bilməyən Nikol Paşinyan başqa çıxışlarının birində də vurğulayır ki, Ermənistan konstitusiyası ölkənin daxili işidir və bu onlara hər hansı xarici öhdəliyi yerinə yetirməyə mane olmur. Bu qeyri stabil çıxışların tək səbəbi Ermənistanın müstəqil olmamasıdır".

"Digər tərəfdən də xarici dövlətlərdən sülhə dəstək bəyanatları gəlsə də, sonra dövlət səviyyəsində olmayan bir təşkilat və ya qurumlarından əks çıxışlar səsləndirilir. Misal deyə bilərəm ki, ABŞ sülhə dəstək ifadə etdi. Amma ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauerin bu günlərdə İrəvanda verdiyi bəyanat bunun tam əksi oldu.

Pauer Azərbaycanın Qarabağ bölgəsində reallıqları bilərəkdən təhrif edir. Onun heç bir əsası olmayan iddiaları dünya ictimaiyyətini çaşdırmaq və Azərbaycana təzyiq göstərmək məqsədi daşıyır" - deyə o, əlavə edib.