“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması bölgədəki təhlükəsizlik mühitini gücləndirəcək, sülh və etimad quruculuğu bir qədər də artacaq. Beləliklə, azərbaycanlılar öz tarixi torpaqlarına qayıtmaq şansı əldə edəcəklər. Bu xüsusda Türkiyədə yaşayan azərbaycanlılar Ermənistana gələ, məskunlaşa bilər. Çünki artıq təhlükəsizlik zəmanətləri veriləcək. Bunun nəticəsində Türkiyədə yaşayan soydaşlarımız da öz tarixi torpaqlarına qayıda biləcəklər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Politoloq bildirib ki, Ermənistanın müəyyən şərtlər daxilində hərəkət etməsi önəmlidir: “Çünki müxtəlif güc mərkəzləri Qarabağdan könüllü surətdə gedən ermənilər məsələsini gündəmə gətirir. Amma Qərbi Azərbaycanda qovulan, deportasiya olunan, təqiblərə məruz qalan insanlar haqqında fikirlər ifadə olunmur. Bu qərəzli, bir tərəf yanaşmadır. Bu aradan götürülməli və bərabər baxış sərgilənməli, balans qorunmalıdır. Hesab edirəm ki, məhz bərabər şəkildə regiondakı məsələlərə yanaşma və prioritetin qorunması hazırki mərhələdə müstəsna əhəmiyyətə malikdir. Əgər bütün hazırda müzakirə olunan məsələlər bərabərlik prinsipi əsasında müzakirəyə çıxarılacaqsa, onun həllini gözləməyə dəyər”.