“Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələ 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyannamədə öz əksini tapıb. Lakin sonradan ermənilər bu məsələni yubatdılar. Eyni zamanda, iddia etdilər ki, suveren Ermənistan ərazisində Zəngəzur dəhlizinə Rusiyanın federal təhlükəsizlik xidmətinin nəzarət etməsi doğru deyil”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.
Onun sözlərinə görə, Paşinyan Dövlət Təhlükəsizlik Komitəsinin nəzdində yeni bir idarə yaratdı ki, dəhlizə nəzarət etsinlər: “Amma bunu hələ razılaşdırmadıqlarına görə dəhlizin açılması ləngiyir. Lakin Zəngəzur dəhlizinin açılması Ermənistanın özü üçün də çox mühüm bir layihədir. Bundan əlavə Ermənistan tərəfi dəfələrlə sülh müqaviləsi imzalamağa hazır olduqlarını bildirib. Azərbaycan Prezidenti isə ATƏT-in Baş katibi Helqa-Mariya Şmidi qəbul edərkən bildirdi ki, Azərbaycana qarşı ərazi iddialarına konstitutsional əsasda son qoyulması vacibdir. Yəni, Ermənistan öz konstitutsiyasında dəyişiklik etməsə, sülh müqaviləsinin imzalanması mümkün deyil”.
Politoloq bildirib ki, Ermənistanın ana yasasında Azərbaycana, həmçinin Türkiyəyə qarşı ərazi iddiaları var: “Təbii ki buna düzəliş edilməlidir. Sülh müqaviləsinin bağlanması yalnız bu dəyişikliklərdən sonra mümkün ola bilər. Ermənistan mətbuatında yazılanlara görə, Paşinyan da gələcək üçün yeni konstitutsiya üzərində işləməli olduqlarını bildirib”.
Ləman Sərraf