İsrail ordusu Qəzza zolağında milyonlarla köçkünün sığındığı məktəb binalarını vurmağa davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Nuseyrat qaçqın düşərgəsindəki Birləşmiş Millətlər Təşkilatının Əbu Orayban məktəbinə hücum nəticəsində ən azı 22 nəfər həyatını itirib, 100-dən çox insan isə yaralanıb. Fələstinli mülki vətəndaşların sığınacaq kimi istifadə etdiyi məktəb son səkkiz gündə beşinci dəfə hədəfə alınıb. Fələstin Mülki Müdafiə sözçüsü Mahmud Basal məcburi köçkünlərin məktəblərdə yaşadığını və ölənlərin çoxunun qadın və uşaqlar olduğunu bildirib. Digər tərəfdən İsrail qüvvələrinin Deyr əl-Belahda Es-Salam küçəsindəki bir evə təşkil etdiyi hücumda biri uşaq olmaqla ən azı 3 fələstinli həyatını itirib, çox sayda insan isə yaralanıb. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin oktyabrın 7-dən bu yana Qəzzaya təşkil etdiyi hücumlarda həlak olan mülki vətəndaşların sayı 38 min 664-ə yüksəlib. Dünəndən etibarən səlahiyyətlilər son 24 saat ərzində ən azı 80 daha çox insanın öldüyünü bildirib.
İngilis akademik jurnalı "The Lancet" İsrailin aylardır davam edən hücumlarında 186 min fələstinli mülki vətəndaşın birbaşa və ya dolayısı ilə həlak ola biləcəyini açıqlayıb.