TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov və Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli arasında görüş keçirilib. Görüşdə TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, aidiyyəti struktur bölmələrin rəhbərləri, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Mirələm Cəlalov, Qəbələ Rayon Mərkəzi Xəstəxanasının direktoru Ceyhun Əhmədov da iştirak ediblər. TƏBİB-dən SİA-ya verilən məlumata görə, görüşdə Azərbaycan ilə Səudiyyə Ərəbistanı Krallığı arasında münasibətlərin yüksək səviyyədə olması, həm Azərbaycan Prezidenti, həm də Səudiyyə Ərəbistanının Kralı və Vəliəhdinin səyləri nəticəsində əlaqələrimizin daha da möhkəmləndiyi vurğulanıb.
Vüqar Qurbanov Azərbaycan hökuməti ilə Səudiyyə Ərəbistanı hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-cı iclasında iki ölkə arasında ticarət və investisiya, enerji, rəqəmsal inkişaf və nəqliyyat, elm və təhsil, sosial müdafiə, turizm kimi sahələrlə yanaşı səhiyyə sahəsində də əməkdaşlığın genişləndirilməsinin ətraflı müzakirə olunduğunu xatırladıb.
Beynəlxalq təşkilatlarda da ölkələrimizin bir-birini dəstəklədiyini vurğulayan V.Qurbanov səhiyyə sahəsində bir çox seqmentlərdə əməkdaşlığın genişləndirilməsi ilə yanaşı, tibbi reabilitasiya xidmətləri və tibbi turizmin inkişafı üçün də dəstəyin müsbət nəticələr verəcəyini bildirib.
Səfir İssam bin Saleh 1991-ci ildən etibarən ölkələrimiz arasında səmimi dostluq münasibətlərinin mövcudluğunu, bütün sahələrdə əlaqələrin yüksələn xətlə inkişaf etdiyini, biznes, investisiya, energetika və səhiyyə sahələrində əlaqələrin genişləndirilməsi üçün hər iki tərəfin qarşılıqlı maraqlı olduğunu bildirib.
Səfir Ər-Riyadın tibbi turizm mərkəzinə çevrilməsi istiqamətində ciddi işlərin görüldüyünü və bu sahədə nailiyyətlərin əldə olunduğunu qeyd edərək, Azərbaycanla da təcrübə mübadiləsinin, ölkəsindəki vətəndaşların Azərbaycana tibbi xidmət almaq məqsədilə gəlmələrinin təşviq edilməsinin mümkünlüyün qeyd edib.
Eyni zamanda ölkəsində 7 səhiyyə şəhərciyinin mövcudluğunu bildirən səfir isti iqlim şəriati ilə əlaqədar dinamik olaraq artan insult xəstələrinin müalicəsində tətbiq olunan metodlarla bağlı, eləcə də tibbi reabilitasiya sahəsində də təcrübə mübadiləsinin aparıla biləcəyini qeyd edib.
“Siam əkizlərinin bir-birindən ayrılması əməliyyatı səudiyyəli cərrahlar tərəfindən uğurla aparılır. İndiyədək 60-dan çox siam əkizi üzərində uğurlu əməliyyatlar icra olunub. Bu istiqamətdə praktik əməkdaşlığa hazırıq. Eyni zamanda, Kral Salman Humanitar Yardım və Bərpa Fondu vasitəsilə ümumiyyətlə, ağır və dəyəri yüksək olan əməliyyatlara maliyyə dəstəyi də göstərilə bilər”-deyə səfir vurğulayıb.
Sonda səfir ötən ay Qəbələ Dəmir Yolu Vağzalının qarşısında baş verən yol-nəqliyyat hadisəsi nəticəsində açıq kəllə-beyin travması, beyindaxili qansızma, qapalı döş qəfəsi travması, çoxsaylı qabırğa sınığı diaqnozu ilə vəziyyəti kritik-ağır olan Səudiyyə Ərəbistanı vətəndaşı olan şəxsə (qadın) təcili tibbi yardım briqadası, eləcə də Qəbələ Rayon Mərkəzi Xəsətəxanasının ixtisaslaşmış tibb personalı tərəfindən göstərilən zəruri tibbi xidmətə və xəstənin TƏBİB-lə Fövqəladə Hallar Nazirliyinin birgə səyi nəticəsində helikopterlə Bakı şəhərində yerləşən ixtisaslaşmış tibb müəssisəsinə uğurla təxliyə olunmasına görə təşəkkürünü bildirib. Hazırda onun Səudiyyə Ərəbistanında müalicəsinin davam etdirildiyini və vəziyyətinin hər gün daha da yaxşılaşdığını diqqətə çatdırıb.