Bakıda 3 000-dən çox məzun məktəbi fərqlənmə attestatı ilə bitirib

15 İyul 2024 11:28 (UTC+04:00)

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 3 320 məzunu məktəbi fərqlənmə attestatı ilə bitirib. SİA-ya verilən məlumata görə, onlardan 1 383 nəfər ümumi orta təhsil, 1 937 nəfər isə tam orta təhsil səviyyəsi üzrə təhsilini fərqlənmə attestatı ilə başa vurub.

Məlumat üçün bildirək ki, ümumi orta və tam orta təhsil haqqında fərqlənmə attestatları ümumi orta və ya tam orta təhsil səviyyəsində oxuduğu müddətdə bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətləri 5 (beş) olan və buraxılış imtahanlarında hər bir fənn üzrə ən azı 75 (yetmiş beş) bal toplayan məzunlara verilir. Məzunlara ümumi orta təhsil haqqında və ya tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin Pedaqoji Şurasında baxılır və müvafiq qərar qəbul edilir.