Ulu Öndərin siyasi hakimiyyətə gəlməsinin 55 illiyinə həsr olunan tədbir keçirilib - FOTOLAR

13 İyul 2024 16:36 (UTC+04:00)

Xırdalandakı Heydər Əliyev Mərkəzində Ümummilli Liderin ölkəmizdə siyasi hakimiyyətə gəlməsinin 55 illiyi qeyd edilib. Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “14 iyul 1969-cu il - Qüdrətli Azərbaycanın inkişaf yolunun başlanğıcı” mövzusunda keçirilən konfransda rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər. SİA xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə güllər düzülüb, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb.

Sonra iştirakçılar Heydər Əliyev Mərkəzinə baxış keçirib, Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən foto və video materiallarla tanış olublar.

Azərbaycanın Dövlət Himninin oxunması ilə başlayan tədbirdə Ulu Öndərin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Heydər Əliyevin ölkəmizdə birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu il 14 iyul tarixinin əhəmiyyətindən danışıb. “Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi ilə, qurub-yaratmaq amalı ilə yanaşıb, hər zaman milli dəyərlərə bağlı olub”, - deyən A.Fərzəliyev, Ümummilli Liderin fəaliyyəti nəticəsində respublikamızda geniş vüsət alan hərtərəfli inkişafdan danışıb, Ulu Öndərin milli ruhun dirçəldilməsində, dövlətçilik ənənələrinin qorunub saxlanılmasındakı xüsusi xidmətlərindən söz açıb.

Bildirilib ki, bütün həyatı boyunca daim Vətənini, onun suverenliyini, dövlətimizin güclənməsini düşünən Heydər Əliyev Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən, bir dövlət kimi məhv olmaq təhlükəsindən xilas etmək üçün misilsiz xidmətlər göstərib. Bu gün Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyev, Müzəffər Ali Baş Komandan kimi Vətənimizin ərazi bütövlüyünü təmin edib.

Sonra YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev, Saray qəsəbə 3 saylı tam orta məktəbin direktoru, Əməkdar müəllim Təyyubə Hüseynova Ulu Öndərin Azərbaycan xalqı qarşısında əvəzolunmaz xidmətlərindən danışıb, dahi şəxsiyyətin hər zaman qürur və iftixar hissi ilə xatırlandığını, ehtiramla yad edildiyini bildiriblər.

Sonda bir qrup ictimaiyyət nümayəndəsinə Ümummilli Lider Heydər Əliyev irsinin təbliğində və rayonun ictimai həyatında fəal iştirakına görə Abşeron Rayon İcra Hakimiyyətinin fəxri fərmanı təqdim edilib.

Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 55 illiyi ilə əlaqədar olaraq, Abşeron rayonunda yaşayan şəhid övladlarının Bakı şəhərində yerləşən Heydər Əliyev Mərkəzinə ziyarəti də təşkil edilib. Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan səfərdə şəhidlərin bizə əmanət qalan övladları Mərkəzin möhtəşəm binasını gəzib, zəngin ekspozisiyası, o cümlədən Ulu Öndərin həyat və fəaliyyətini özündə əks etdirən eksponatlarla tanış olublar.