Putin Rusiyada vergiləri artırdı...

12 İyul 2024 20:26 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin Vergi Məcəlləsinə fiziki şəxslər üçün mütərəqqi vergi şkalası tətbiq edən dəyişiklikləri imzalayıb.

SİA-nın əldə etdiyi məlumata görə, dəyişikliklər 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Ayda 200 min rubl və ya ildə 2,4 milyon rubldan çox qazanan hər kəs üçün fərdi gəlir vergisi artırılacaq. Bu məbləğdən az qazananlar üçün 13 faizlik gəlir vergisi qalacaq. Qanuna görə, ildə 2,4 milyon rubldan 5 milyon rubla qədər qazanan vətəndaşlar üçün gəlir vergisi 15 faiz təşkil edəcək. 5 milyondan 20 milyona qədər gəlir üçün 18 faiz, 50 milyona qədər gəlir üçün 20 faiz. 50 milyondan yuxarı gəlirlər 22 faiz vergiyə cəlb ediləcək.

Korporativ gəlir vergisi də artırılacaq - 20 faizdən 25 faizə.

Bundan əvvəl Vergi Məcəlləsinə dəyişikliklər Dövlət Duması və Federasiya Şurası tərəfindən qəbul edilib.

...Mütərəqqi şkalanın tətbiqi prezident seçkilərindən dərhal sonra, Ukraynadakı müharibə, ordu, hərbi-sənaye kompleksi və müdafiə xərclərinin kəskin artması fonunda elan edilib. Rusiya Maliyyə Nazirliyi yeni qanunun qəbulunun 2025-ci ildə büdcəyə əlavə 533 milyard rubl yığmağa imkan verəcəyini gözləyir.

Əli Babayev