Bu ilin altı ayı ərzində (yanvar-iyun ayları) hüquq mühafizə orqanları narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirdikləri kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 5675 cinayət faktı aşkarlayıb. SİA xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu məlumat yayıb.
Onlardan 1734-ü narkotik vasitələrin qanunsuz satışı, 3822-si narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 116-sı narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 3-ü isə digər cinayətlərlə bağlı olmuşdur.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 3 ton 722 kq 642, 725 qr narkotik vasitələrin və psixotrop maddələrin 431 kq 354,395 qr-nı heroin, 2 ton 931 kq 754,672 qr-nı marixuana, 94 kq 096,434 qr-nı tiryək, 27 kq 564,001 qr-nı həşiş, 131 kq 365,203 qr-nı psixotrop maddələr, 106 kq 508,02 qr-nı digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində 13 560 ədəd metadon, 6251 ədəd çətənə kolu, 502,4 qr və 2 ədəd güclü təsir edən və 2 kq 174,5 qr zəhərli maddə qanunsuz dövriyyədən götürülmüşdür.
Hesabat dövründə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 648 hektar sahədən 2 083 830 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilmişdir.
Qanunsuz dövriyyədən çıxarılmış 3 ton 722 kq 642,725 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 101 milyon 013.000 min AZN kimi qiymətləndirilir.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 3881 nəfər cəlb edilmiş, onlardan 16-18 yaşadək-1 nəfər, 18-25 yaşadək 295 nəfər, 26-29 yaşadək 621 nəfər, 30 yaş və ondan yuxarı isə 2964 nəfər təşkil edir. Həmin şəxslərdən 3758-i kişi, 123-ü qadın olmuşdur. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 38 nəfəri xarici ölkə vətəndaşıdır.
Məsuliyyətə cəlb edilmiş 38 xarici ölkə vətəndaşından ümumilikdə 103 kq 676,1 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülmüşdür.
Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 117 fakt aşkar edilmiş, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 089 kq 886,725 qr narkotik vasitə və psixotrop maddə, 13 560 ədəd metadon həbi çıxarılmışdır.
Ümumilikdə, aşkar edilmiş cinayətlərin 169-u qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 1 ton 121 kq 645,6 qr narkotik vasitə, psixotrop maddə və 40,9 qr güclü təsir edən maddə müsadirə edilmişdir. 1509 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 1 ton 226 kq 906,8 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.
Təhlil göstərir ki, ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 2024-cü ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların sayı 206, narkotiklərin qanunsuz satış ilə bağlı faktların sayı 314, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 50, digər növ cinayət faktların sayı 26, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 25 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi 900 kq 385,302 qr, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı isə 396 nəfər azalmışdır.
Bununla yanaşı, narkotiklərin satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 184 fakt, qrup halında olan cinayətlərin sayı isə 34 fakt artmışdır.
Cari ildə Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən 1741 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 3 ton 430 kiloqram külli miqdarda müxtəlif növ narkotik vasitə, psixotrop maddə, 62700 ədəd həb, 58860 ədəd narkotik xassəli çətənə bitkisi həmçinin 3877 ədəd həb,19341 ədəd kapsul, 24 flakon, 4 ampula, 81,446 qr güclü təsir edən maddə yandırma üsulu ilə məhv edilmişdir:
Həmçinin 27 şəhər və rayonda qanunvericiliyə uyğun olaraq az və xeyli miqdarda müsadirə edilmiş və 1172 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı çıxarılmış 20 kq 840,742 qr müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr, o cümlədən 188 ədəd çətənə bitkisi şəhər və rayon komissiyaları tərəfindən yandırma yolu ilə məhv edilmişdir.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 41932 nəfər istiqamətləndirilmişdir. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 1359 nəfərdən 907 nəfəri istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. Ötən 6 ay ərzində İİV-ə 736 nəfər yoluxmuşdur. Onlardan 723 nəfəri Azərbaycan vətəndaşı, 13 nəfəri isə əcnəbi olmuşdur. Azərbaycan vətəndaşları arasında 33 nəfəri (5,4%-i) inyekson narkotik istifadəçiləri olmuşdur.
“802” qaynar xətt telefon zəng xidmətinə 698 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 70-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 76-sı narkotik asılılıqdan müalicə, 552-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 146 məktub ünvanlanmışdır.
Zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.
Hesabat dövrü ərzində Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə aidiyyəti dövlət qurumlarını cəlb etməklə ümumilikdə 68 tədbir (48 maarifləndirici və təşkilati tədbir, 11 təlim, 6 sosial layihə, 1 marafon və televiziya kanalında 2 verilişdə iştirak) təşkil edilmişdir.